Rusiya hökuməti Azərbaycan lobbisini məhdudlaşdırır;
İki siyasətçi Şuşa Forumuna qatıldıqlarına xatir cəzalandırılıb
Rusiyanın iki nüfuzlu siyasətçisi Şuşa Qlobal Media Forumuna qatıldıqlarına xatir cəzalandırılıb.
Bu məlumata əsasən, Mixail Qusman və Sergey Markov iyulun 24-də Azərbaycanın Şuşa şəhərində keçirilən media forumunda iştirak etdikdən sonra təzyiqlə üzləşiblər.
Rusiyanın baş naziri Mixail Mişustinin imzaladığı qərarla Mixail Qusman TASS informasiya agentliyinin baş direktorunun birinci müavini vəzifəsindən azad edilib. Qusmanın işdən çıxarılması onun Azərbaycan prezidenti İlham Əliyevin də iştirak etdiyi Şuşa Media Forumunda iştirakından sonra baş verib. Məlumata görə, tədbir zamanı Qusman prezident Əliyevdən Rusiyanın bəzi siyasi və media dairələrində mübahisələrə səbəb olan unikal xarici siyasəti necə uğurla həyata keçirdiyini soruşub.
Bundan əlavə, rusiyalı politoloq, Kremlin keçmiş müşaviri Sergey Markov eyni şəkildə Şuşa Forumunda iştirakından sonra rus millətçi və “Z” dairələrinin sərt tənqidi ilə üzləşib. Markov millətçi qruplar tərəfindən vətənə xəyanətdə ittiham olunur. O, prezident Əliyevin siyasətini “parlaq” siyasət kimi qiymətləndirıb, bunun ardınca Rusiya prezidenti ilə əlaqəli strateji tədqiqatçılar siyahısından çıxarılıb.
Xatırladaq ki, Moskva-Bakı əlaqələrində yaranmış gərginlik fonunda Rusiya Federasiyasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Komitəsinin rəhbəri Kirill Kabanov Azərbaycanın Rusiya ilə bağlı siyasətini kəskin tənqid edərək, Bakının nəhayət, Moskvanın etibarlı müttəfiqi statusunu itirdiyini bəyan edib.