Avq 25, 2025 13:44 Asia/Baku
  • Müxalifət Gümrüdəki bazanın qalmasında israrlıdır - AKTUAL

Gümrüdə “Ana Ermənistan” müxalifət bloku Rusiya hərbçilərinin Ermənistanda qalmasına dəstək aksiyası keçirib.

Blokun lideri Andranik Tevanyan bildirib ki, tədbir Müstəqillik Bəyannaməsi, 102-ci Rusiya hərbi bazası və ümumilikdə Rusiya-Ermənistan münasibətlərinin qorunmasına yönəlib. Onun sözlərinə görə, bu elementlər bu gün ölkənin təhlükəsizliyinin təminatıdır.

O, ölkənin baş nazirini Azərbaycana güzəştə getməkdə ittiham edib. “Vaşinqton görüşündən sonra Nikol Paşinyan İlham Əliyevdən "ev tapşırığı" aldı - Ermənistan Konstitusiyasının dəyişdirilməsi. İlkin şərtlərdən biri Müstəqillik Bəyannaməsini ləğv etmək idi. Paşinyan yalan danışmağa davam edir. O, Vaşinqtondan sülh deyil, yeni tələblər gətirdi və heç bir sabitlik zəmanəti olmadan geri döndü”, - deyə Tevanyan vurğulayıb.

Rus hərbi bazasına gəlincə, Tevanyan qeyd edib ki, rus qoşunlarının çıxarılması faktiki olaraq Türkiyə qoşunları üçün Ermənistana yolun açılması demək olardı.