Avq 27, 2025 14:56 Asia/Baku
  • Ermənistan və Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qaldırılır

Ermənistan və Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qaldırılır

Ermənistan Respublikası xarici işlər nazirinin müavini Vahan Kostanyan və Britaniyanın Avropa, Şimali Amerika və xarici ərazilər üzrə dövlət katibi Stiven Dauti İrəvanda Ermənistan-Birləşmiş Krallıq Strateji Dialoqunun ikinci raundunu keçiriblər; iki ölkə münasibətlərinin stratej səviyyəyə qaldırılması haqda razılıq əldə olunub.

Bu məlumata əsasən, erməni tərəfi ölkədə demokratiyanın möhkəmləndirilməsi, qanunun aliliyinin təşviqi, insan hüquqlarının qorunması və korrupsiyaya qarşı mübarizə tədbirlərinin genişləndirilməsi istiqamətində səyləri təqdim edib və Britaniya nümayəndəsi də Ermənistanın irəliləyişini yüksək qiymətləndirib.

Tərəflər münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə razılığa gəliblər. Tərəflər təhlükəsizlik və müdafiə sektorlarında əməkdaşlığın genişləndirilməsini, o cümlədən gələcək yüksək səviyyəli əlaqələri, müdafiə məsələləri üzrə hərbi attaşelərin mübadiləsini, kibertəhlükəsizlik və hibrid təhdidlərə qarşı mübarizə sahələrində daha sıx əməkdaşlığı müzakirə ediblər.

Xatırladaq ki, Ermənistanın kollektiv Qərbə həddən ziyadə yaxınlaşması Moskvanı hiddətləndirir və hesab edir ki, bu proses Rusiya ilə region ölkələrinin mövcud müttəfiqlik və təhlükəsizlik mexanizmlərini baltalamaq üçün edilir.

Kremlin fikrincə, Qərb “sabitlik gətirmir”, əksinə regionu “sarsıtmağa” çalışır.