Avropa İttifaqı oyundan kənarda qalmaq istəmir
Mülki missiya hələ Ermənistanda qalacaq - AKTUAL
Aİ-nin Ermənistandakı səfiri bildirib ki, Avropa İttifaqı mandatına uyğun olaraq Ermənistanda müşahidə missiyasını davam etdirəcək.
Səfir Vasilis Maraqos qeyd edib ki, Aİ missiyası Ermənistan hakimiyyətinin dəvəti ilə bu ölkədədir və gərəkdiyi müddətdə burada qalacaq.
Azərbaycan və Ermənistanın Vaşinqtonda parafladığı sənəddə deyilir ki, sərhəddə hər hansı üçüncü tərəf qüvvələri yerləşdirməməlidir.
Qeyd edək ki, 2022-ci ilin oktyabrında Aİ regiona təqribən 40 nəfərlik müşahidəçi heyəti göndərdi.
Sonrakı mərhələdə yəni 2023-cü ilin fevralında heyət 138 nəfərə, 2023-cü ilin dekabrında isə bu rəqəm 209 nəfərə çatdırıldı.
Azərbaycan rəsmiləri, Aİ-nin sərhəddə mülki missiya adı altında hərbi və kəşfiyyat məqsədlərinə xidmət edən fəaliyyətlər həyata keçirdiyini iddia edir.
Rəsmi Bakı və ekspertlər hesab edir ki, missiya “regionda gərginliyi artıran” bir vasitədir.
O da bildirilir ki, missiya neytral və ikitərəfli sülh prosesinə dəstək deyil; onun Ermənistana müəyyən bir həssaslıqla yanaşan və Azərbaycana qarşı birtərəfli siyasət nümunəsi olduğu vurğulanır .
Rusiya isə Aİ missiyasının region ölkələrinə qarşı casusluqla məşğul olduğunu iddia edir.