Ermənistanın baş naziri Azərbaycan prezidentinə etiraz etdi:
“Bakının leksikonu Vaşinqtonda razılaşdırılan məntiqə uyğun gəlmir”
Ermənistanın baş naziri bəyan edib ki, Azərbaycan prezidentinin işlətdiyi terminologiya Vaşinqtonda razılaşdırılan məntiq daxilində qəbul edilmir.
Ermənistan baş naziri ŞƏT sammitində etdiyi çıxışında deyib ki, hazırda iki ölkə arasında nəqliyyat əlaqələrinin açılması məsələsi – ərazi bütövlüyü, suverenlik və hüquqi yurisdiksiya prinsipləri əsasında müzakirə olunur.
“Vurğulamaq istəyirəm ki, Ermənistan və Azərbaycan rəhbərlərinin qəbul etdiyi Bəyannamədə müəyyən terminologiya da razılaşdırılıb və hesab edirəm ki, dəqiqləşdirilmiş və razılaşdırılmış bu terminologiyadan istifadə konstruktiv mühitin və sonrakı işlərin həyata keçirilməsinə kömək edəcək”, - deyə Paşinyan vurğulayıb.
Xatırladaq ki, prezident İlham Əliyev ŞƏT+ formatında keçirilən görüşdə çıxış edərkən yenidən “Zəngəzur dəhlizi” ifadəsindən istifadə edib.
İlham Əliyev bildirib ki, o tezliklə “Orta dəhliz”in, eləcə də “Şimal-Cənub tranzit dəhlizi”nin başqa bir mühüm hissəsinə çevriləcək.
Ermənistan ərazisindən keçəcək marşrut haqqında danışarkən Əliyev həmçinin əlavə edib: “Mənim ifadəmlə, “Zəngəzur dəhlizi” Azərbaycanın bütün qonşularına fayda gətirəcək”.
Yeri gəlmişkən, Paşinyan və Əliyevin çıxışlarından əvvəl Ermənistan və Azərbaycan rəhbərlərinin ikitərəfli görüşü baş tutmuşdur. Bu, Sülh Sazişinin mətnini ratifikasiya etmələrindən sonra liderlərin ilk görüşü idi.