Sen 14, 2025 13:09 Asia/Baku
  • Ermənistan Azərbaycanla tezliklə sülh sazişi imzalamağa hazırdır

Ermənistan hökuməti Azərbaycanla tezliklə sülh sazişi imzalamağa hazır olduğunu vurğulayıb.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bəyan edib ki, Azərbaycanla sülh sazişi ən qısa zamanda imzalana bilər.

Badalyan Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin 2026-cı ilin birinci yarısında imzalanacağını gözləməsi ilə bağlı bəyanatına reaksiya olaraq, Armenpress-ə bildirib: “İrəvan sazişi martın 13-də imzalamağa hazırdır. Bu il Ermənistan-Azərbaycan sazişinin mətninin yekunlaşdığı elan olundu, Ermənistan eyni zamanda sazişi tez bir zamanda imzalamağa hazır olduğunu bildirdi, bu yanaşma avqustun 8-də sazişin paraflanması ilə bir daha təsdiqləndi”.

Xatırladaq ki, rəsmi Bakının Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasının çıxarılmasında israrlı qalır və bunu yekun sülh sazişinin imzalanmasını əngəlləyən mühüm maneə hesab edir.

Siyasi şərhçi Rauf Mirqədirov bu yaxınlarda Meydan TV-yə açıqlamasında deyib ki, Vaşinqtonda imzalanan sülh müqaviləsinin hüquqi cəhətdən qüvvəyə minməsi sual altındadır: “Çünki imzalanmış sənədin ratifikasiyası üçün Ermənistanda referendum keçirilməli və Konstitusiyaya dəyişiklik edilməlidir. Ermənistanda isə referendumun 2027-ci ildə keçirilməsi gözlənilir. İki ilə də Ermənistanda hansı siyasi vəziyyətin olacağını dəqiq demək çox çətindir”.

Siyasi şərhçi nümunə üçün 2020-ci ildə baş verən 44 günlük müharibəni və daha sonra Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycanla Ermənistan arasında imzalanan bəyanatı xatırladaraq deyib: “Həmin bəyanatda “Zəngəzur dəhlizi” adlandırdığımız yol da vardı və Rusiyanın nəzarəti altında olması nəzərdə tutulurdu. Bu gün həmin sənəd heç kimə lazım olmayan bir kağız parçasıdır və heç kim yadına salmır”.