Okt 06, 2025 15:11 Asia/Baku
  • “Tomahavk raketlərinin Kiyevə göndərilməsi Rusiya–ABŞ münasibətlərini məhv edə bilər”

Rusiya prezidenti Vladimir Putin mediaya açıqlamasında bildirib ki, ABŞ-ın Ukraynaya “Tomahavk” raketləri göndərmək barədə mümkün qərarı Rusiya və ABŞ arasında formalaşmaqda olan müsbət münasibətləri poza bilər.

Putin deyib: “Raketlərin Kiyevə göndərilməsi qərarı bizim münasibətlərimizi, yaxud ən azı bu münasibətlərdə yaranmaqda olan müsbət meyli məhv edəcək”.

Qeyd edək ki, sentyabrın 28-də ABŞ vitse-prezidenti C.D. Vens bəyan etmişdi ki, Vaşinqton “Tomahavk” qanadlı raketlərinin NATO ölkələrinə verilməsi və onların sonradan Ukraynaya ötürülməsi imkanını nəzərdən keçirir. Onun sözlərinə görə, bu məsələ ilə bağlı yekun qərarı ABŞ prezidenti Donald Tramp verəcək.

Bu arada rusiyalı politoloq İqor Korotçenko Amerikanın “Tomahavk” qanadlı raketlərinin Ukraynaya ötürülməsi imkanlarını şərh edərkən deyib ki, Amerikanın “Tomahavk” raketlərinin Ukraynaya verilməsi ABŞ və Britaniyanın Rusiyaya müharibə elan etməsinə bərabər olar. Onun fikrincə, Rusiyaya zərbələr Ukrayna ordusu tərəfindən deyil, amerikalılar və ingilislərdən ibarət birləşmələr tərəfindən həyata keçiriləcək: “Beynəlxalq hüquq nöqteyi-nəzərindən bu, müharibə üçün bəhanədir”.