Erməni lobbisi Azərbaycandan əl çəkmir - AKTUAL
ABŞ Konqresinə yeni qanun layihəsi təqdim edildi
ABŞ Konqresinin iki üzvü – Kaliforniyadan Darrell İssa və Floridadan Qus Bilirakis-un təşəbbüsü ilə hazırlanmış qanun layihəsi Konqresə təqdim edilib.
“Qafqazda Gərginliyin Qarşısının Alınması və Əlaqələrin Gücləndirilməsi Aktı” adlı qanun layihəsi Azərbaycan Respublikasının Ermənistana qarşı hərbi əməliyyatlara başladığı təqdirdə ona sanksiyalar tətbiq olunmasını nəzərdə tutur və əsas məqsəd kimi “Rusiyanın mənfi təsirini Ermənistandan uzaqlaşdırmaq” göstərilir.
Sənədə əsasən, əgər ABŞ prezidenti müəyyən etsə ki, Azərbaycan Ermənistana qarşı düşmən hərəkətləri həyata keçirib, o zaman Azərbaycan rəsmilərinə və ailə üzvlərinə qarşı maliyyə və giriş qadağası sanksiyaları tətbiq olunacaq. Həmçinin Azərbaycanın neft-qaz ticarətinə aid bank əməliyyatları ABŞ-da dayandırılacaq. Sanksiyaların müddəti yeddi il müəyyən edilib.
Qanun layihəsində qeyd olunur ki, hər 90 gündən bir prezident Konqresə hesabat təqdim edəcək.
Layihənin müəllifləri bildiriblər ki, bu addım “Tramp administrasiyasının diplomatik təşəbbüslərini möhkəmləndirəcək, regionda suverenlik və sabitliyi qoruyacaq”.
Bakı hələ rəsmi açıqlama verməsə də, hökumətyönlü media layihəni “qərəzli, birtərəfli və ədalətsiz” adlandırıb. Azərbaycan mətbuatında qeyd olunur ki, sənəd “regionda gərginliyin dərinləşməsinə xidmət edir” və “Azərbaycanı potensial təcavüzkar kimi təqdim edir”.
Rəsmi dairələr isə bildirirlər ki, Azərbaycan 2020 və 2023-cü illərdə ərazi bütövlüyünü bərpa edib və hazırda sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Rəsmi mövqeyə görə, prosesi ləngidən tərəf Ermənistan və onun xarici himayədarlarıdır.