Noy 11, 2025 15:59 Asia/Baku
  • Xandanyan: Bu, sərhədin müəyyənləşdirilməsi çərçivəsində həll olunacaq

Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri, deputat Sarkis Xandanyan bildirib ki, Ermənistanla Azərbaycan arasında anklav və eksklavlarla bağlı məsələlər yalnız delimitasiya və demarkasiya prosesinin tərkib hissəsi kimi həll edilməlidir.

Xandanyan tərəflər arasında belə ərazilərin mümkün mübadiləsi ilə bağlı yayılan xəbərlərini şərh edərkən deyib ki, məsələ yalnız delimitasiya-demarkasiya çərçivəsində müzakirə edilməlidir. “Burada gizlədilən heç nə yoxdur. Anklavların mübadiləsi məsələsi bu mərhələdə müzakirə oluna bilməz, çünki əvvəlcə həmin ərazilər demarkasiya olunmalıdır. Bunun nə zaman baş verəcəyi bilinmir, çünki demarkasiya prosesi öz məntiqi və mərhələləri ilə davam edir”, - deyə deputat qeyd edib.

Onun sözlərinə görə, delimitasiya prosesi mürəkkəbdir və bir neçə mərhələdən ibarətdir: ilkin delimitasiya, müvafiq sənədlərin razılaşdırılması, Ermənistan və Azərbaycan arasında dövlət sərhədi haqqında müqavilənin imzalanması, ratifikasiyası və sərhədin demarkasiya işlərinin icrası.

Xandanyan vurğulayıb ki, bütün bunlardan sonra Ermənistan və Azərbaycan anklavlar məsələsinə necə yanaşacaqlarına qərar verməlidir. Əgər hansısa mərhələdə qərara alınsa ki, ərazilər mübadilə olunsun, Ermənistan Respublikasının qanunvericiliyinə əsasən bu, referendumsuz mümkün deyil; belə bir addım üçün referendum tələb olunur.