Paşinyan Azərbaycandan neft idxalının tranzitinə alternativ axtaracaq
Gürcüstan biznes maraqlarını üstün tutur
Gürcüstan hökumətinin Azərbaycandan Ermənistana göndərilən neftə yüksək tariflər tətbiq etməklə özünün biznes maraqlarını üstün tutması Nikol Paşinyanı hövsələdən çıxardı.
Ermənistanın baş naziri bu haqda bəyan edib ki, onun ölkəsi Azərbaycanla tranzit üçün Gürcüstana alternativlər axtarır.
Nikol Paşinyan bu barədə deyib: “Ermənistan Gürcüstan ərazisi vasitəsilə Azərbaycandan yanacaq tədarükündə müəyyən problemlərlə üzləşir”. O, bu çətinlikləri Tbilisinin müəyyən etdiyi tranzit tarifləri ilə əlaqələndirib.
Jurnalistlərə açıqlamasında Paşinyan Azərbaycanla neft məhsullarının alınması üzrə əməkdaşlığın davam edə biləcəyini deyib. O əlavə edib ki, “Gürcüstan ərazisindən tranzit tarifləri ilə bağlı bəzi məsələlər” hələ də həll olunmayıb və əgər bu məsələlər həll olunmasa, alternativ marşrutlar axtarılacaq.
Qeyd edək ki, dekabrın 18-də Azərbaycanın dövlət neft şirkəti SOCAR Ermənistana 1 220 ton AI-95 markalı benzin çatdırıb.
İki ölkə arasında birbaşa dəmir yolu əlaqəsi olmadığı üçün hələlik tranzit üçün yeganə seçim Gürcüstan üzərindən keçiddir, alternativlər isə məhduddur. Belə bir şəraitdə Azərbaycanın neft məhsullarının tankerlərlə Ermənistana daşınması üçün İran masrşrutu daha məqbul variant kimi nəzərdən keçirilə bilər.
Digər tərəfdən İran dövləti çoxdandır qonşu ölkələrlə svop metodu ilə enerji daşıyıcılarının mübadiləsini həyata keçirir və hazırda bu xidməti Ermənistanla Azərbaycan arasında neft məhsullarının daşınması üçün gerçəkləşdirə bilər.