Dek 15, 2025 11:13 Asia/Baku
  • Hindistanın XİN sözçüsü: Biz Ermənistanı dəstəkləyirik!

Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, onun ölkəsi Ermənistanın yanındadır və iki ölkə arasında münasibətlər əsrlərə söykənən tarixi bağlara əsaslanır.

Randhir Caisval vurğulayıb ki, Hindistan Ermənistanı Cənubi Qafqaz–Qərbi Asiya–Avropa bağlantı xəttinin mühüm tərəfdaşı kimi görür və bu münasibətlər son illərdə strateji səviyyəyə yüksəlib.

Regional proseslərə toxunan XİN sözçüsü Türkiyə–Azərbaycan–Pakistan xəttində dərinləşən əməkdaşlıq fonunda Hindistanın Ermənistanla əlaqələri gücləndirmək niyyətində olduğunu bildirib. O, açıq şəkildə qeyd edib ki, Hindistan Ermənistan–Azərbaycan normallaşma prosesini yaxından izləyir və Ermənistanı dəstəkləyir.

Caisval onu da qeyd edib ki, Hindistan müdafiə sənayesində Ermənistanla əməkdaşlıq üçün geniş imkanlara malikdir. Bununla yanaşı Hindistan Ermənistanla iqtisadiyyat, mədəniyyət, təhsil, turizm və gənclər mübadiləsi sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir.

Hindistan rəsmisi sonda deyib ki, 2025-ci ildə çoxsaylı erməni nümayəndə heyətlərinin Hindistana səfəri iki ölkə arasında etimadın və tərəfdaşlığın sürətlə möhkəmləndiyini göstərir.