Gürcüstan körpü rolunu oynayır
Azərbaycandan Ermənistana daşınan yanacağa görə rüsüum alınmayacaq
Gürcüstan Dəmir Yolu Azərbaycan Respublikasından Ermənistana göndərilən yanacağı pulsuz daşıyacaq
Cam-Nyus portalının məlumatına əsasən, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi bildirib ki, qonşu ölkələrdən, o cümlədən Azərbaycandan Ermənistana bir dəfəlik yanacaq ixracı ilə bağlı rəsmi müraciət alınıb və Gürcüstan bu daşımaları tamamilə pulsuz həyata keçirəcək.
Nazirliyin açıqlamasında deyilir: “5 dekabr tarixində Gürcüstan hökuməti tərəfdaş ölkələrdən Azərbaycandan Ermənistana Gürcüstan ərazisi vasitəsilə bir dəfəlik yanacaq tranziti ilə bağlı müraciət aldı. Baş nazir İrakli Kobaxidzenin qərarı ilə Gürcüstan Dəmir Yollarına dərhal tapşırıq verildi ki, bu bir dəfəlik daşımaları ödənişsiz etsin. Qərar rəsmi tərəflərə çatdırılıb”.
Qeyd edək ki, Azərbaycan və Ermənistan rəsmilərinin 28 noyabr görüşü barədə yayılan məlumatlarda bildirilir ki, əsas müzakirə mövzusu Azərbaycanın neft və yanacaq məhsullarının Ermənistana ixracı olub. Bu, hər iki ölkəyə iqtisadi fayda gətirə bilər. Lakin birbaşa dəmir yolu xətti olmadığından, yeganə tranzit marşrutu Gürcüstandır.