İrəvan Qarabağ ermənilərinin problemini həll edir
Mənzil təminatı üçün 250 milyon dollarlıq kredit cəlb olunacaq
Ermənistan hökuməti Qarabağdan köçkün düşmüş ailələr üçün mənzil təminatını nəzərdə tutan dövlət proqramını maliyyələşdirmək məqsədilə Asiya İnkişaf Bankından 250 milyon dollar kredit götürəcək.
2023-cü ilin sentyabrında Azərbaycan ordusunun hərbi əməliyyatlardan sonra təxminən 120 min erməni Qarabağı tərk edib. İndiyədək Qarabağdan olan 26 233 nəfər Ermənistan vətəndaşlığı alıb. Bu, proqram çərçivəsində dövlət yardımından yararlanmaq üçün məcburi şərtdir.
Ermənistan hökuməti krediti 27 il ərzində geri ödəməlidir.
Qeyd edək ki, dövlətin mənzil dəstəyi proqramı çərçivəsində Qarabağdan köçkün düşmüş ailələrə 2024-cü ildən etibarən mənzil almaq üçün sertifikatlar verilir.
İlkin hesablamalara görə, layihə təxminən 25 min ailənin mənzillə təmin olunmasını nəzərdə tutur. Baş nazir Nikol Paşinyan bu təşəbbüsü təxminən 2 milyard dollar dəyərində investisiya layihəsi kimi qiymətləndirib.
Hökumət Asiya İnkişaf Bankından alınacaq vəsaiti erməni əsilli 109 min qaçqının mənzil probleminin uzunmüddətli həlli üçün istifadə etməyi planlaşdırır.