Dek 26, 2025 12:47 Asia/Baku
  • Ermənistan–Azərbaycan quru sərhədinin açılması gündəmə gəlir!

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan sensasion bəyanatla çıxış edib. O, “Azatutyun”a açıqlamasında bildirib ki, Ermənistanla Azərbaycan arasında quru sərhədinin açılması üçün məhz indi ən uyğun vaxtdır.

Erməni nazir qeyd edib ki, hazırda Gürcüstan dəmir yolu üzərindən Azərbaycandan Ermənistana yüklərin tranzit qiymətləri yüksək və rəqabətsiz hesab olunur. Bu səbəbdən alternativ marşrutlar ciddi şəkildə müzakirə edilir. Papoyan açıq şəkildə etiraf edib ki, mövcud vəziyyət biznes üçün yeni həll yollarını qaçılmaz edir.

O, ilk dəfə açıq şəkildə Ermənistan–Azərbaycan quru sərhədinin və dəmir yolunun istifadəsini real alternativ kimi gündəmə gətirib.

“Dəmir yolu ilə Ermənistan sərhədinə qədər gəlmək, sonra multimodal qaydada yük maşınları ilə Ermənistan–Azərbaycan quru sərhədindən keçmək üçün çox münasib vaxtdır. Məncə, nə Ermənistanda, nə də Azərbaycanda buna mane olan hər hansı şərait yoxdur. Biznes üçün də hər şey hazırdır”, – deyə nazir vurğulayıb.

Baş nazir Nikol Paşinyan da mövzuya toxunaraq bildirib ki, əgər Gürcüstan tranzit tarifləri məsələsi həllini tapmasa, iqtisadi subyektlər alternativ yollar tapmağa məcbur olacaqlar.

Bu açıqlama regionda nəqliyyat, ticarət və siyasi münasibətlər baxımından dönüş nöqtəsi kimi qiymətləndirilir. Ermənistan rəsmisinin dilindən ilk dəfə bu qədər açıq və konkret şəkildə sərhədin açılmasının mümkünlüyü səslənir.