Heydər əl-İbadi İŞİD ilə mübarizənin davam etdirilməsini vurğuladı
İyun 25, 2015 14:08 Asia/Baku
İraqın baş naziri ölkənin terrorçulardan tamamilə təmizlənəcəyi zamana kimi İŞİD ilə mübarizəyə təkid edib.
İraqın Süməriyə informasiya agentliyinin cümə axşamı verdiyi məlumata görə, İraqın baş nazirlik ofisi bir bəyanat yayaraq, bildirib ki, əgər İraq İŞİD ilə mübarizə aparmasaydı, indi region ölkələri İŞİD-in işğalı altında olardı. Buna görə də, bu ölkələr İraq ilə düşmənçilik etmək yerinə, Bağdada təşəkkür etməlidirlər.İraqın baş nazirlik ofisi bu bəyanatda çoxlu sayda xalq qüvvəsinin könüllü şəkildə İŞİD ilə mübarizəyə qalxmasına işarə edərək, deyib: İraqın baş naziri və silahlı qüvvələrin ali baş komandanı Heydər əl-İbadi Bağdadda ordu və könüllü xalq qüvvələri ilə görüşdə ölkə əhalisini müdafiə üzrə səylərinə görə, onlara təşəkkür edib.
İraqın baş naziri bu görüşdə belə bir orduya və müdafiəçilərə malik olan bir xalqın heç vaxt məğlub olmayacağını və zillətə boyun əyməyəcəyini deyib.
Heydər əl-İbadi həmçinin, bütün ölkələri İŞİD təhlükəsi qarşısında ayıq olmağa çağırıb.