İŞİD Mosulda ağır itkilər verdi
İyul 19, 2015 08:23 Asia/Baku
-
İŞİD Mosulda ağır itkilər verib
İraqın Müdafiə Nazirliyi Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərinin qərb hissəsinin bombardman edilməsi zamanı onlarla İŞİD terrorçusunun məhv edilməsindən xəbər verib.
İRNA-nın məlumatına görə, İraqın Müdafiə Nazirliyi bir bəyanat yayaraq, İraq ordusu Hava Qüvvələrinin Mosulun qərbində İŞİD-ə məxsus bir qərargahı hədəfə aldığını bildirib. Bu məlumata görə, həyata keçirilən əməliyyat zamanı onlarla İŞİD terrorçusu məhv edilib.İraqın qərbindən, əl-Ənbar vilayətindən daxil olan məlumatlar da İŞİD terrorçularının müxtəlif məntəqələr o cümlədən Rəmadi və Fəllucə şəhərlərində ağır itkilər verməsindən xəbər verir. Ötən sutka ərzində cərəyan edən toqquşmalar zamanı onlarla terrorçu məhv edilib və ya yaralanıb.
Bu arada İŞİD-in nəzarəti altında olan ərazilərin terrorçulardan təmizlənməsi əməliyyatı paytaxt Bağdadın şimalında yerləşən Səlahəddin vilayətində də davam edir. Bir sıra çətinliklərin olmasına o cümlədən silah azlığına baxmayaraq, İraq ordusu könüllü xalq qüvvələrinin dəstəyi ilə bir sıra uğurlar əldə edərək, bəzi şəhərləri terrorçuların işğalından azad etməyi bacarıb.
Qərb dövlətləri və ABŞ-ın müttəfiqləri tərəfindən yaradılan və himayə edilən terrorçu-təkfirçi İŞİD qruplaşması Suriya və İraqda dəhşətli cinayətlər törədib. Bu qruplaşma bəzi məntəqələrə nəzarəti ələ keçirərək, indiyə kimi minlərlə insanı qətlə yetirib, yüz minlərlə insanın didərgin düşməsinə səbəb olub.