İŞİD İraqın əl-Ənbər vilayətində tədarükat yollarını itirib
İyul 20, 2015 09:19 Asia/Baku
-
İŞİD İraqın əl-Ənbər vilayətində tədarükat yollarını itirib
İraqın əl-Ənbar vilayətində İŞİD-in tədarükat yollarının bir çoxu kəsilib.
Əl-Aləm kanalının məlumatına görə, İraqın xalq qüvvələri komandanlarından olan Əbu Səfa Ətabi təkfirçi-terrorçu İŞİD qruplaşmasının əl-Ənbar vilayətindəki tədarükat və əlaqə yollarının bir çoxunun kəsildiyini bildirib və deyib: Terrorçular Səqlaviyə məntəqəsindən geri çəkilməyə məcbur olublar və öncəki mövqelərindən 5 km geriləyiblər.Bu iraqlı komandan terrorçuların Səqlaviyə məntəqəsində ağır məğlubiyyət ilə üzləşdiklərini, çoxlu sayda qüvvə və hərbi texnika itirdiklərini deyərək, əlavə edib: Səqlaviyənin azad edilməsi ilə biz Səqlaviyə və Gərmə məntəqələri istiqamətindən Fəllucəyə doğru irəliləyəcəyik. Beləliklə Fəllucənin azad edilməsinə zəmin yaranmış olacaq.
Əbu Səfa Ətabi Fəllucə şəhərinin terrorçuların işğalından azad edilməsi əməliyyatının 3 əsas istiqamətdən aparıldığını bildirib və deyib: İŞİD terrorçuları Fəllucədə mühasirəyə düşüblər. Və mühasirədən xilas olmaq üçün bu məntəqənin tanınmış simaları və şeyxlərindən 13 nəfərini edam ediblər.
İraqlı komandan əl-Ənbar vilayətində İŞİD-in işğal etdiyi ərazilərdə yaşayan insanların terrorçulardan xilas olmağa çalışdıqlarını deyərək, əlavə edib: Ordu, könüllü xalq qüvvələri və təhlükəsizlik qüvvələrinin Fəllucənin azad edilməsi üzrə əməliyyatı qarşıdan gələn günlər ərzində yekunlaşacaq.
Bu arada İraq polisi aralarında bir neçə qadın da olan 12 terrorçu snayperin məhv edilməsindən xəbər verib.
İraq polisinin verdiyi məlumata görə, əsasən Asiya ölkələri vətəndaşları olan bu snayperlər Rəmadi şəhərinin şərqində yerləşən Məziq və Həsibə məntəqələrində məhv ediliblər.