İraq Türkiyə hərbçilərinin dərhal bu ölkə ərazisini tərk etməsini istədi
-
İraq Türkiyə hərbçilərinin dərhal bu ölkə ərazisini tərk etməsini istədi
İraqın BMT-dəki daimi nümayəndəsi Türkiyə hərbçilərinin dərhal İraqdan çıxmalarını istəyib.
Fars xəbər agentliyinin çərşənbə gününə olan məlumatına görə, Məhəmməd Əli əl-Həkim Türkiyə hərbçilərinin İraq ərazisindəki iştirakını qeyri-qanuni və BMT nizamnaməsinə zidd hərəkət adlandırıb və bu qüvvələrin dərhal İraq ərazisini tərk etmələrini istəyib.
Məhəmməd Əli əl-Həkim həmçinin, bu məsələnin həlli üzrə ikitərəfli Bağdad-Ankara danışıqlarını müsbət qarşılayıb.
İraqın baş naziri Heydər əl-İbadi də dünən NATO-dan istəyib ki, Türkiyə dövlətini öz qüvvələrini İraq ərazisindən geri çəkməyə məcbur etmək üçün rəsmi Ankaraya təzyiq göstərsin.
Bir qrup İraq vətəndaşı da Türkiyə ordusunun İraqın şimalına daxil olmasına etiraz olaraq aksiya keçirib.
Çərşənbə axşamı keçirilən bu aksiyada Ankaranın bu hərəkəti tənqid edilib və Türkiyə hərbçilərinin dərhal İraqdan çıxarılması istənilib.
Türkiyə ötən həftə bildirib ki, bu ölkənin onlarla hərbçisi Mosul şəhərinin yaxınlığında yerləşərək, kürd Peşmərgə qüvvələrinə təlim keçirlər. Amma, rəsmi Bağdad bu məqsədlə hansısa istək irəli sürmədiyini bildirib.