Həşdüşşəbi: Mosulun qərbi tezliklə azad ediləcək
İraqda könüllü xalq qüvvələri Həşdüşşəbinin komandan müavini çərşənbə günü deyib: Qarşıdan gələn 2 gün ərzində Mosulun qərb hissəsinin hamısı İŞİD terrorçularının işğalından azad ediləcək.
Livanın Əl-Əhd informasiya portalının verdiyi məlumata görə, Həşdüşşəbinin komandan müavini Əbu Mehdi Mühəndis deyib: İraqın könüllü xalq qüvvələri İraq - Suriya sərhədlərinə nəzarəti tam təmin etmək üçün İraqın baş naziri və İraq silahlı qüvvələrinin ali baş komandanı Heydər İbadinin göstərişini gözləyir.
Əbu Mehdi Mühəndis əlavə edib: Neynəva vilayətində yerləşən Əl-Bəac şəhəri İŞİD terrorçularının son qərargahı və bazası sayılırdı və bu şəhərin könüllü xalq qüvvələri tərəfindən azad edilməsi ilə terrorçuların nəzarəti altında bir sıra kiçik məntəqə qalıb və qarşıdan gələn 2 gün ərzində bu ərazilər də azad ediləcək.
Daha öncə İraqın Bədr Təşkilatının baş katibi Hadi Amiri Əl-Bəac şəhərinin qərbində, Suriya sərhədlərinə kimi uzanan ərazidə bütün kəndlərin azad edildiyini bildirmişdi.
Həşdüşşəbi son günlər bir bəyanat yayaraq, Əl-Bəac şəhərinin cənub və cənub-qərbində 19 kənd və qəsəbənin azad edildiyindən xəbər vermişdi.