Həşdüş-Şəəbi yüzlərlə kəndi azad edib
İraqın Həşdüş-Şəəbi Təşkilatının sədr müavini bildirib: Xalq Səfərbər Qüvvələri yarandığı gündən 983 kəndi İŞİD terror qruplaşmasının işğalından azad edib.
İraq şiələrinin təqlid mərcəyi Ayətullah Sistani 31 iyun 2014-cü ildə İŞİD-in İraqın Mosul şəhərinə basqın etməsindən sonra Xalq Səfərbər Qüvvələri Həşdüş-Şəəbinin təşkil olunmasına qərar verdi.
Fars Xəbər Agentliyinin məlumatına görə, İraqın Həşdüş-Şəəbi Təşkilatının sədr müavini Əbu Mehdi əl-Mühəndis əlavə edib: Xalq Səfərbər Qüvvələri təsis olunduğu zamandan üç ilin keçməsi ilə önəmli nailiyyətlər əldə edib və 983 kənd, 8 bölgə, 14 aeroport, hərbi baza, həmçinin bir neçə kiçik rayonu İŞİD-in işğalından azad edib.
Əbu Mehdi əl-Mühəndis bildirib: Həşdüş-Şəəbi qüvvələri İraqın müxtəlif vilayətlərində 25 min kvadrat kilometr ərazinin azad olunmasında iştirak etmiş, hazırda da Suriya ilə müştərək sərhədlərin 1500 kilometrində aktiv iştirak edir.
İraqdan əldə olunan digər məlumata görə, İŞİD terror qruplaşmasının Mosulun qərbində etdiyi hücum nəticəsində 9 nəfər həlak olub.
İraqın hərbi dairələri bildiriblər ki, İŞİD terrorçuları Mosulun qərbində bir məscidə nəzarət edərək onun ətrafındakı ərazilərdə hücumlarının sayını artırıblar və 6 polis və 3 sivili qətlə yetiriblər.
İŞİD terrorçuları hazırda Mosulun qərbində sadəcə bir neçə məhəlləyə nəzarət edirlər.
İraq qüvvələri Mosulun qərb hissəsinin azad olunması əməliyyatına 2017-ci il fevral ayından başlayıblar, bu əməliyyat davam edir və son günlərindədir.