Suriyadakı fələstinlilər Trampın qərarına etiraz etdi
-
Suriyadakı fələstinlilər Trampın qərarına etiraz etdi
Suriya vətəndaşları və bu ölkədə yaşayan fələstinlilər ABŞ prezidenti Donald Trampın Qüds əleyhinə qərarına etiraz əlaməti olaraq paytaxt Dəməşqdə BMT-nin ofisi qarşısına toplaşıb və piket keçiriblər.
İRNA-nın məlumatına görə, yüzlərlə Suriya vətəndaşı və bu ölkədə yaşayan fələstinlilər bu gün cümə axşamı günü bu piketdə iştirak edib, anti-ABŞ və ant-İsrail şüarları səsləndirərək Trampın Qüdsü İsrail rejiminin paytaxtı elan etməsinə dair qərarına öz etirazlarını bildirib və işğal olunmuş bütün Fələstin ərazilərinin sionist rejimin caynağından tam azad olunmasındək müqavimət yolunun davam etdirilməsini vurğulayıblar.
Etiraz piketinin iştirakçıları islam ölkələri, beynəlxalq dairələr və insan haqları qurumlarından Fələstin xalqının haqqında təcavüzlər qarşısında öz qanuni və humanist borclarını yerinə yetirmələrini istəyiblər.
Müsəlmanların ilk qibləsi əl-Əqsa məscidinə özündə yer verən Qüds şəhəri Fələstinin ayrılmaz hissəsidir. Əl-Əqsa məscidi islamın üç müqəddəs məkanından biri hesab olunur və müsəlmanların yanında xüsusi əhəmiyyətə malikdir.
BMT Təhlükəsizlik Şurası indiyə qədər Qüds haqda 8 qətnamə təsdiqləyib. Bu qətnamələrdə Qüdsün təhlükəsizliyinin qorunması, müqəddəslərinin mühafizə edilməsi, müqəddəslərə hörmətsizlik və Qüds sakinlərinin işgəncə edilməsi və incidilməsindən çəkinilməsi vurğulanıb. Eyni zamanda həmin qətnamələrdə işğal olunmuş Qüds heç vaxt sionist İsrail rejiminin paytaxtı kimi rəsmən tanınmayıb.
ABŞ-ın Qüds şəhərini saxta İsrail rejiminin paytaxtı olaraq elan etməsi beynəlxalq qaydalar və qətnamələrin açıq-aşkar pozulmasıdır.