May 11, 2018 19:55 Asia/Baku
  • İraq post-İŞİD dövrünün ilk seçkilərinə hazırlaşır
    İraq post-İŞİD dövrünün ilk seçkilərinə hazırlaşır

Sabah şənbə, 12 may 2018-ci il İraqda Səddam rejiminin 2003-cu ildə devrilməsindən sonra keçiriləcək 4-cü və İŞİD terror qruplaşmasının məğlub edilməsindən sonrakı dövrdə keçiriləcək ilk Parlament seçkilərinin şahidi olacaq.

Ölkə xaricində  yaşayan iraqlılar habelə, silahlı qüvvələr üçün seçkilər 10 may tarixində keçirilmişdi. İraqın Ali Seçki Komisarlığı bu seçkilərdə iştirak səviyyəsinin 78% olduğunu elan etmişdi.

İraqda Parlament seçkiləri ilə əlaqədar təbliğat və təşviqat kampaniyası yerli vaxtla bu gün səhər saat 7-də dayandırılıb. Seçkilərin keçirilməsinə qalan 24 saat "seçki səssizliyi" adlanır və bu müddət ərzində hansısa seçki təbliğatının aparılması qadağandır.

İraqın Ali Seçki Komisarlığının üzvü Hazem Əl-Ridni seçkilərə 60 min beynəlxalq və yerli müşahidəçinin nəzarət edəcəyini bildirib.

İraqın Ali Seçki Komissarlığı 36 milyon əhalinin 24 milyon nəfərinin seçkilərdə səsvermə haqqına malik olduğunu və seçkilərin 18 vilayətdə keçiriləcəyini bildirib.

Bu seçkilərdə 7 mindən çox namizəd Parlamentin 328 yeri uğrunda  rəqabət aparacaq. Baş nazir istisna olmaqla, Parlamentdə yer əldə edən partiyalar prezident və Parlament sədrinin seçilməsində ortaq razılığa gəlməlidirlər. İraqda bütün siyasi qruplar arasında əldə edilmiş anlaşmaya əsasən ölkə prezidenti kürd, baş nazir şiə, parlament sədri isə sünni olmalıdır.

Hadi Amirinin başçılıq etdiyi Əl-Fəth, baş nazir Heydər Əl-İbadinin başçılıq etdiyi Əl-Nəsr, Müqtəda Sədrin başçılıq etdiyi Sairun, Nuri Malikinin başçılıq etdiyi Qanun Dövləti və Əmmar Həkimin başçılıq etdiyi Milli Hökumət koalisiyaları İraq şiələrinin ən iri seçki koalisiyaları sayılır.

Teqlər