İyun 12, 2018 15:43 Asia/Baku
  • Yəməndə savaş; Ərəbistan yeni hücumlara hazırlaşır
    Yəməndə savaş; Ərəbistan yeni hücumlara hazırlaşır

ABŞ-ın yaşıl işığı və geniş dəstəyi ilə artıq 3 ildir ki, Yəməni amansız hücumlarının hədəfinə çevirən Ərəbistan indi də bu ölkəyə humanitar yardımlar və ərzaq məhsullarının gətirilməsi üçün istifadə edilən Hüdəydə limanına qarşı geniş hücuma hazırlaşır. Yəmənli qüvvələr isə Hüdəydə limanını işğalçılara təslim etməyəcəklərini bildirirlər.

Sərhədsiz Həkimlər Təşkilatı, bu təşkilatın tabeliyində olan və Yəmənin Həccə vilayətinin Əbəs məntəqəsində yerləşən vəba xəstəliyi ilə mübarizə mərkəzinin Ərəbistan qırıcılarının hədəfinə çevrildiyini bildirib. Bu hücumun ardınca Sərhədsiz Həkimlər Təşkilatı işçilərinin təhlükəsizliyinə təminatın verilmədiyi zamana kimi Yəməndəki fəaliyyətini durdurduğunu elan edib: “Təcavüzkar qüvvələr birbaşa olaraq Sərhədsiz Həkimlər Təşkilatının müalicə mərkəzini hədəfə alıblar. Bu mərkəz ucqar bir məntəqədə yerləşir və məntəqə sakinləri bu mərkəzin fəaliyyətinə çox ehtiyaclıdırlar. Bu mərkəzin hədəfə alınması Əbəs məntəqəsində səhiyyə böhranını daha da dərinləşdirib.”

Digər tərəfdən Hüdəydə vilayətində yerləşən Kəməran adası ilə yeganə əlaqə yolu da Ərəbistan qırıcılarının hücumuna məruz qalıb. Bu hadisədə 4 yəmənli şəhid olub, 2 nəfər də yaralanıb. Həmçinin, bir hərbi mənbə Ərəbistan və ABŞ-ın Fitr bayramı ilə bir vaxtda Yəmənin qərb sahillərinə hücumu artırmaq niyyətində olduqlarından xəbər verib: “Biz fövqəladə vəziyyət və səfərbərlik elan etməsək də, xalq özü könüllü şəkildə cəbhəyə yola düşür. Düşmənin əlindən heç gəlməzə və Allahın köməkliyi ilə biz sonda qələbə çalacağıq.”

Yəmənin Ali İnqilab Komitəsi isə Hüdəydə limanına qarşı hücumların artırılması və bu limanın təhdid edilməsindən qaynaqlanan bütün problemlərə görə birbaşa ABŞ-ın məsuliyyət daşıdığını və bu limana qarşı istənilən avantürist planın məğlubiyyətə uğrayacağını bildirib.

Hüdəydə limanını birbaşa hücum ilə təhdid etmək və Yəmənin qərb sahillərinə qarşı hücumların artırılmasından söz açmaq bir ay öncədən başlayaraq bu limana qarşı edilən hücumların məğlubiyyətə düçar olmasına dəlalət edir.

 

Teqlər