Avropa Parlamentinin nümayəndə heyəti: Xan Əhmər kəndinin dağıdılması müharibə cinayətidir
Avropa Parlamentində fəaliyyət göstərən Fələstin ilə əlaqələr komitəsinin nümayəndə heyəti Qüdsün şərqində yerləşən Xan Əhmər kəndinin dağıdılmasını müharibə cinayəti adlandırıb.
Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, Avropa Parlamentində Fələstin ilə əlaqələr komitəsinin sədri Nikolas Selekyuts çərşənbə günü Xan Əhmər kəndində fələstinli və insan haqları müdafiəçiləri olan beynəlxalq aktivistlərin çadırlarına habelə, kənd məktəbinə baxış keçirdikdən sonra, Xan Əhmər kəndi və digər fələstinli kəndlərinin dağıdılmasına qarşı çıxıb.
İsrailin Ali Məhkəməsi 12 sentyabrda Xan Əhmər kəndinin dağıdılması qərarına etirazları rədd edərək, İsrail ordusuna 7 gün ərzində bu kəndi dağıtmaq icazəsi verib.
Xan Əhmər kəndinin sakinləri Nəqəb səhrasına yaşayan bədəvi ərəblərdirlər. Onlar 1953-cü ildə Nəqəb səhrasından zorla çıxarılmalarının ardınca bu məntəqədə məskunlaşıblar.