Səudiyyə Ərəbistanı I rübdə neft ixracını 21,9% azaldıb
Səudiyyə Ərəbistanının neft ixracatı 2020-ci ilin ilk rübündə illik müqayisədə 21,9% azalıb.
SaharAzeri Report-a istinadla xəbər verir ki, bu barədə “Reuters” krallığın Baş Statistika İdarəsinin məlumatlarına istinadən məlumat yayıb.
Bildirilib ki, ixracat dəyər baxımından 40 milyard ABŞ dolları həcmində olub və bu, illik müqayisədə 11 milyard ABŞ dolları azalma deməkdir.
İdarənin məlumatına görə, neft ixracatının azalması ilk rübdə ümumi ixracın 20,7% azalmasının əsas səbəbi olub. Agentlik qeyd edir ki, birinci rübdə Səudiyyə Ərəbistanından ixracatın əsas istiqamətləri Çin, Yaponiya və Hindistan olub.
Xatırladaq ki, son OPEC+ razılaşmasına görə, neft istehsal edən ölkələr, istinadlar nöqtəsi kimi, 2018-ci ilin oktyabr ayının hasilat səviyyəsi götürülməklə, hasilatı bu ilin may-iyun aylarında gündəlik 9,7 milyon barel, ilin ikinci yarısında 7,7 milyon barel və 2021-ci ilin əvvəlindən 2022-ci il aprelin sonunadək 5,8 milyon barel azaltmağa dair öhdəlik götürüblər. Rusiya və Səudiyyə Ərəbistanı üçün isə istinad nöqtəsi gündəlik 11 milyon barel təşkil edib ki, azalma digərləri ilə analogiya üzrə müvafiq olaraq 23%, 18% və 14% olacaq.