May 15, 2021 10:07 Asia/Baku
  • İsrail-Fələstin münaqişəsində bu dəfə nələr fəqlidir? - TƏHLİL

Şərait sürətlə Fələstinin xeyrinə dəyişir, İsrail rejiminin ümidləri puç olur.

Yaxın Şərqdə Qərb dəstəkli İsrail adlanan "dövlət"in qurulmasından sonra region dini müstəvidə çoxsaylı ərəb-yəhudi toqquşmasının şahidi olmuşdur. Lakin 2021-ci ilin Ramazan ayının sonlarında baş verən toqquşmalar bir neçə xüsusiyyətinə görə əvvəlkilərdən fərqlidir. Bu fərqlilik, eyni zamanda, Yaxın Şərqdə bəzi məsələlərin müəyyən zaman kəsiyində ciddi dəyişikliyə məruz qaldığını göstərir. Hər şeydən əvvəl, daha öncəki toqquşmalardan fərqli olaraq, hazırda İsrail daxilində vətəndaş müharibəsinin olma ehtimalı yüksəkdir. Ramazan ayında İsrail qüvvələrinin Qəzzə zolağında sərt tədbirlərə əl atması daxildəki ərəb vətəndaşlar tərəfindən qəzəblə qarşılandı. Artıq İsrailin bir sıra şəhərlərində də yəhudi-ərəb toqquşmasının başladığını görmək mümkündür.

Beləliklə, ilk dəfə olaraq İsrail daxilindəki ərəblərin kütləvi şəkildə etirazlara başlaması İsrail siyasətində də ciddi narahatlıqlar doğurdu. Belə ki, həm İsrail Daxili İşlər Nazirliyi, həm də bu rejimin prezidenti məsələ ilə bağlı narahatlıqlarını dilə gətirərək, daxildəki vətəndaş toqquşmalarına zəmin hazırlanmamasına diqqət çəkdilər.  

Digər tərəfdən, İsraillə toqquşmalar daxildə parçalanan Fələstin qüvvələri arasındakı fikir ayrılıqlarının arxa planda qalmasına səbəb oldu. Toqquşmalar çatandan sonra Fələstin daxilində parçalanan qüvvələrin növbəti mərhələlərdə vahid koordinasiya mərkəzindən idarə ediləcəyi də istisna deyil.  

Hazırkı toqquşmaların ikinci ən böyük xüsusiyyəti Fələstinin daha əvvəl dəstək aldığı ərəb dövlətlərinin yardımlarından məhrum olmasıdır. Əgər daha əvvəllər Fələstin məsələsinə görə bir neçə ərəb ölkəsi İsrailə qarşı müharibə elan etmiş, sonrakı mərhələlərdə isə fələstinlilərin intifazə olaraq adlandırdıqları müqavimət və əks-hücum həmlələrinə dəstək vermişdilər. Lakin hazırda bu dəstək yetərincə deyil. Belə bir şəraitdə regionun 2 ən nüfuzlu müsəlman ölkəsi olan İran və Türkiyənin məsələyə həssas yanaşması və ortaq mövqedən çıxış etməsi böyük əhəmiyyət daşıyır. Xüsusilə də İran istehsalı olan "Bədr" raketlərinin Fələstin qüvvələrində  mövcudluğu fələstinli mübarizləri ruhlandırır. HƏMAS nümayəndəsinin toqquşmaların baş verdiyi bir vaxtda silahlara görə İrana təşükkür etməsi İranın Fələstində təsir qabiliyyətinə malik olduğunu göstərir.   

Digər tərəfdən İsrail-Fələstin toqquşmalarının təsiri İsrail-Türkiyə münasibətlərində özünü göstərəcək. Belə ki, İsrail-Fələstin toqquşmalarının Türkiyənin sionist rejimlə münasibətlərinin normallaşmasını gecikdirəcəyinə şübhə yoxdur. Müsəlman ölkələri ilə hazırda müzakirələr aparan rəsmi Ankara BMT-də də İsrailə qarşı addımların atılmasını hədəfləyir. Lakin bu hədəfin ABŞ tərəfindən qarşısının alınacağı isə bəri başdan məlumdur. Çavuşoğlu bir-neçə gün öncə "biz məsələni qınayırıq, lakin İslam ümməti bizdən hərəkət gözləyir", - demiş, İsrail tərəfi isə hər hansı xarici müdaxilə olarsa sərt tədbir görüləcəyini bildirmişdi.  

Nəticə etibarilə, hazırkı toqquşmalar İsraildə vətəndaş müharibəsinə zəmin hazırlayaraq, indi belə olmasa, növbəti illərdə daxili çaxnaşmaya və toplumun tam bölünməsinə yol açacaq. Belə bir şəraitdə təəssüflər olsun ki, toqquşmalar Fələstin daxildə birliyin yaranmasına səbəb olsa da, ənənəvi ərəb dəstəyindən məhrumdur. İran istehsalı raketlərin Fələstin qüvvələrində mövcudluğu isə İsrail üçün İran şilləsinin uzaq olmadığını göstərir. Və nəhayət Fələstin xalqına qarşı repressiya Türkiyə-İsrail normallaşmasına xitam verə bilər. 

 Hafiz Məmmədov (məqalə xülasə olunub, məzmun isə saxlanıb)

Teqlər