Afrika Birliyi aparteid rejimini öz sıralarına daxil etməkdən çəkinir
İsrail hələ müşahidəçi qismində qəbul edilməyib
Afrika Birliyi (AB) işğalçı İsrail rejiminin müşahidəçi ölkə kimi üzvlüyünün hələ qəbul edilmədiyini açıqlayıb.
Afrika Birliyinin sözçüsü Ebba Kalondo verdiyi yazılı açıqlamada, AB üzvü olan ölkələrin əksəriyyətinin sionist İsraili üzvlüyə qəbul etdiyinə dair yazıları təkzib edib və bu rejimin müraciətinin hələ də araşdırıldığını açıqlayıb.
O deyib ki, İsrailin müşahidəçi ölkə statusu Dövlət Başçıları Komitəsi tərəfindən nəzərdən keçirilir.
Xatırladaq ki, fevralın 18-də AB-nin Əddis-Əbəbədəki mənzil-qərargahında keçirilən toplantıda üzv dövlətlərin və müşahidəçi ölkələrin nümayəndələrinin olduğu yerə soxulan İsrail Xarici İşlər Nazirliyinin Afrika üzrə baş direktor müavini Şaron Barli təhlükəsizlik işçiləri tərəfindən çıxarılıb.
2021-ci ildə mübahisəli şəkildə müşahidəçi üzvlüyünə qəbul edilən İsrail birlik daxilində gərgin müzakirələrə səbəb olub. Ötən ilki sammitdə İsrailin müşahidəçi üzvlüyü ilə bağlı yekun qərarın bu il veriləcəyi qərara alınıb.
Müxalifət ölkələri Afrika Birliyi Komissiyasının sədri Musa Faki Məhəmmədi İsraili səs vermədən qəbul etdiyinə görə tənqid edib. Afrika Birliyi Təşkilatının 2002-ci ildə AB olaraq yenidən qurulmasından sonra İsrail müşahidəçi olaraq ilk dəfədir ki, üzvlüyünü itirib.
Tel-Əviv rejimi bildirir ki, İranın lobbisi, Cənubi Afrika və Əl-Cəzirə kanalının səyləri İsrail diplomatının bu qurumdan qovulmasına səbəb olub. Afrika Birliyi sionist rejimin cinayətlərinə görə ötən il onun müşahidəçi qismində olan üzvlüyünü dayandırdı.