Okt 03, 2024 16:09 Asia/Baku

Yəmən ordusu bir bəyanat yayaraq, Təl-Əvivdə həyati əhəmiyyətli bir hədəfə pilotsuz təyyarə ilə hücum etdiyini elan edib.

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri bəyan edib ki, bu ölkə ordusunun hava qüvvələri Fələstin və Livanın məzlum xalqlarına dəstək və onların müqavimətini dəstəkləməkdə davam edən hərbi əməliyyat zamanı işğal altındakı Fələstinin Təl-Əviv şəhərində mühüm bir mərkəzi öz PUA-ları ilə hədəfə alıb.

Yəhya Səri pilotsuz uçuş aparatlarının məqsədlərinə uğurla çatdığını bildirib.

Yəmən Silahlı Qüvvələrinin sözçünün sözlərinə görə, bu əməliyyat Əl-Əqsa tufanına dəstək məqsədilə “Vəd edilmiş Fəth və Müqəddəs Cihad” döyüşünün beşinci mərhələsi çərçivəsində həyata keçirilib.

Yəmən silahlı qüvvələrinin bəyanatının davamında bildirilir ki, Yəmən ordusu Qəzzə, İordan çayının qərb sahili, eləcə də Livan və İraq cəbhələrindəki qəhrəman döyüşçüləri salamlayır və vurğulayır ki, hərbi əməliyyatlar Qəzzə və Livana təcavüzün sonuna qədər davam edəcək.