Mart 08, 2025 17:35 Asia/Baku
  • Qəzzəyə yardım girməsə İsrailə qarşı dəniz əməliyyatları bərpa olunacaq

Yəmənin Ənsarullah hərəkatının lideri Qəzzə zolağı ilə bağlı danışıqlarda vasitəçilərə 4 günlük möhlət verib və bildirib ki, əgər humanitar yardımlar Qəzzəyə daxil olmasa, Yəmənin İsrail rejiminə qarşı dəniz əməliyyatları bərpa ediləcək.

Seyid Əbdülməlik Bədrəddin Əl-Husi cümə günü gecə saatlarında video çıxışında xəbərdarlıq edib ki, əgər sionist rejimin humanitar yardımların Qəzzəyə daxil olmasına mane olmaq və keçidləri tamamilə bağlamaq cinayəti davam edərsə, Yəmən silahlı qüvvələrinin sionist düşmənə qarşı dəniz əməliyyatları yenidən başlayacaq.

O vurğulayıb ki, Yəmən gərginliyin artmasına və Qəzzə zolağına yardımın daxil olmasına maneə törədilməsinə və Fələstinin bu bölgəsinə aclığın qayıtmasına dözə bilməz.

Yəmən Ənsarullahının lideri bildirib: "Sionist düşmən öz öhdəliklərini kəmiyyət və keyfiyyət baxımından xeyli azaldıb və müalicə üçün Qəzzədən çıxan xəstə və yaralıların sayında, xüsusilə də Rəfəh keçidində kəskin azalma var".

O əlavə edib: "İsrail rejimi aclıq yolu ilə yenidən soyqırım cinayəti törətmək istəyir və bu hərəkətə dözmək olmaz".