Amerika hərbçiləri Suriyadan geri çəkilir
Xəbər mənbələri Amerika hərbçilərinin Suriyadakı iki mühüm bazadan geniş miqyasda çıxarılması barədə məlumat yayıb.
"Əl-Ərəbi Əl-Cədid" xəbər portalının məlumatına görə, Vaşinqton qüvvələrinin əksəriyyətini Suriyanın şərqindəki Deyr əz-Zordan çıxarıb.
ABŞ qüvvələri cümə günü Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki Əl-Ömər və Koniko neft yataqlarındakı hərbi mərkəzlərini tərk ediblər və onlarla yük maşını ilə İraqın Kürdüstan bölgəsinə gediblər. Yük maşınları hərbi texnika və ağır silahlar daşıyıb. Bundan əlavə Beynəlxalq Koalisiyanın Mülki İşlər İdarəsinin işçiləri də Suriyanı tərk ediblər.
Məlumata əsasən, ABŞ qüvvələri bütün əsgərlərini Koniko sahəsindən geri çəkib, əl-Ömər neft yatağı sahəsində cəmi əlliyə yaxın əsgər və zabit qalıb. Bu iki baza ABŞ-ın Suriyanın şərqindəki ən mühüm bazaları hesab olunur.