HƏMAS: Qəzza xəstəxanasına amansız hücum; mülki əhaliyə qarşı hərtərəfli müharibədə yeni cinayətdir
Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS bəyanat yayaraq, bildirib ki, sionist rejimin Qəzzədə Avropa xəstəxanasının şəhərciyi və ətrafına vəhşi və intensiv hücumları Zolaqda qalan səhiyyə sistemini məhv etmək məqsədi daşıyan yeni cinayətdir.
HƏMAS əlavə edib: "Sionist rejimin bu hücumları həyati əhəmiyyətli mərkəzləri tamamilə sıradan çıxarmaq məqsədi daşıyır və onlarla ölü və yaralı ilə nəticələnib".
HƏMAS bəyanatında bildirib ki, bu vəhşi bombardman nəticəsində xəstələr, tibb işçiləri, mülki müdafiə və təcili yardım xidmətlərinin əməkdaşları da daxil olmaqla onlarla insan şəhid olub və ya yaralanıb. Onlardan bir çoxu yardım göstərərəkən və yaralıları dağıntılar altından xilas etməyə çalışarkən yenidən hava zərbələri ilə hədəfə alınıblar. Bu hücum, xəstəxananın tamamilə xidmətdən çıxması ilə nəticələnib.
Hərəkat qeyd edib ki, işğalçı sionist rejim münaqişələr tarixində misli görünməmiş cinayətlər törədir. Xəstələr və köçkünlərlə dolu olan xəstəxanaları bombalamaq və orada qətliamlar törətmək sionist rejimin Fələstin xalqına qarşı soyqırım siyasətinin bir hissəsidir.
HƏMAS sonda beynəlxalq ictimaiyyəti, Birləşmiş Millətlər Təşkilatını və onun təsisatlarını, xüsusilə də BMT Təhlükəsizlik Şurasını Qəzzə zolağında davam edən qırğını dayandırmaq üçün dərhal müdaxilə etməyə və işğalçı rejimin humanitar qanunlara və normalara məhəl qoymaması qarşısında qəti mövqe tutmağa çağırıb.