May 15, 2025 15:05 Asia/Baku
  • Sionist rejimin Qəzzəyə hücumları nəticəsində 82 fələstinli şəhid olub

Xəbər mənbələri sionist rejimin çərşənbə günü səhər saatlarından Qəzzə zolağının müxtəlif bölgələrinə şiddətli hücumları nəticəsində 80-dən çox fələstinlinin şəhid olduğunu bildiriblər.

Əl-Cəzirənin məlumatına görə, İsrail rejiminin Qəzzə zolağının cənubundakı Xan Yunis şəhəri və ətraf ərazilərə hücumu nəticəsində qadın və uşaqlar da daxil olmaqla təxminən 60 nəfər şəhid olub.

Bu hücumlarda sionist rejimin qırıcıları və helikopterləri Xan Yunisin müxtəlif ərazilərini , o cümlədən cənubdakı Əl-Məvasi bölgəsini, şimal-şərqdəki Əl-Qərarə və Əbəsan Əl-Kəbirə qəsəbələrini, şərqdəki Bəni Suheylə dairəsi və Məən bölgəsini və mərkəzdəki Əl-Səkkə bölgəsini bir neçə dəfə hədəfə alıblar. 

Sionist rejim qırıcıları Xan Yunisdə səkkiz yaşayış binasını hədəf almaqla yanaşı, bir neçə dəfə şimalda Qəzzə şəhəri və Cebaliya ərazilərini və Qəzzə zolağının mərkəzindəki Nuseyrat düşərgəsini bombalayıblar.

Xilasetmə qüvvələri səhər saatlarından şəhidləri və yaralıları dağıntıların altından çıxarmağa çalışırlar.