BMT yeni araşdırmasının nəticəsini açıqladı:
İsrail Qəzzədə soyqırımı törədir - AKTUAL
BMT-nin İnsan Hüquqları Şurasının Araşdırma Komissiyası qəsbkar İsrailin Qəzzə sektorunda törətdiyi hərəkətləri soyqırımı kimi qiymətləndirib.
Təşkilatın hesabatında bildirilir ki, İsrail hakimiyyəti Qəzzə zolağındakı fələstinlilərin həyati imkanlarını qismən məhv edib, o cümlədən doğumun qarşısını almağa yönəlmiş tədbirlər həyata keçirib. Bundan əlavə, İsrail tərəfi sakinlərin ölümünə səbəb olan şərait yaradıb.
Bütün bu hərəkətlər sənəddə soyqırımı aktı kimi göstərilir. BMT Komissiyası bu qənaətə gələrkən Roma Statutu və Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyaya istinad edib.
Hesabatdan bəlli olur ki, İsrail Qəzzə zolağında soyqırımı cinayətini davam etdirir. Sənəddə qeyd olunur ki, 1948-ci ildən bəri ən amansız olan bu hərəkətləri yalnız İsrailin baş naziri Benyamin Netanyahu deyil, digər siyasi xadimlər də təşviq edir.
BMT Komissiyasının versiyasına görə, Tel-Əviv fələstinlilərə qarşı soyqırımın qarşısını almaqda və məsul şəxsləri cəzalandırmaqda məsuliyyət daşıyır.
Qeyd edək ki, qaniçən İsrail ordusu Qəzzə zolağına qarşı hərbi əməliyyatlara 2023-cü ilin oktyabrında başlayıb. O vaxtdan bəri İsrailin hərbi əməliyyatları nəticəsində 63.000 nəfər həyatını itirib, ərazidəki tikililərin əksəriyyəti dağıdılıb və ya zədələnib, əhalinin əksəriyyəti didərgin düşüb.
2025-ci il sentyabrın 1-də Beynəlxalq Soyqırımı Tədqiqatçıları Assosiasiyası İsrailin Qəzzə zolağında soyqırımı törətdiyini göstərən hüquqi əsasların olduğunu bildirən qətnamə qəbul edib.