Dek 20, 2017 22:32 Asia/Baku
  • “İldırımsürətli Qarabağ müharibəsi” ehtimalları Ermənistanı qorxuya salıb
    “İldırımsürətli Qarabağ müharibəsi” ehtimalları Ermənistanı qorxuya salıb

Dağlıq Qarabağ konfliktinin çözümündə Azərbaycanın sülh yoluna sadiq qalmasından Ermənistanın sui-istifadə edərək mövcud status-kvonu saxlamaq cəhdlərinin əbəs olması bu gün beynəlxalq miqyasda da açıq etiraf edilən faktdır.

Məsələ burasındadır ki, Azərbaycan münaqişənin dinc müstəvidə həllini mümkün sayır və bu səbəbdən də güc variantına əl atmağı indiki məqamda məqbul hesab etmir. Amma bu o demək deyil ki, Ermənistan yaranmış situasiyadan öz maraqları çərçivəsində istifadə edərək münaqişənin dondurulmuş vəziyyətdə saxlanmasına nail ola bilər. Rəsmi Bakı hər zaman ən yüksək səviyyədə bəyan edir ki, sülh yoluna ümidlər tükəndiyi an ərazi bütövlüyünü güc yolu ilə bərpa edəcək.

Bu vaxta qədər Ermənistan hamilərinin yardımı ilə Bakını güc tətbiqindən vaz keçməyə vadar edəcəyinə böyük ümidlər bəsləyirdi. Amma Azərbaycanın həm hərbi, həm də diplomatiya müstəvisində gedişləri işğalçı ölkənin bu xüsusda ümidlərini tam alt-üst edib. Xüsusən də ötən ilin aprelindən sonra Ermənistan Azərbaycanı kimsənin durdura bilməyəcəyinə tam əmin olub. Elə indinin özündə də qeyd olunan xüsusda Ermənistana edilən xəbərdarlıqların sayı artır və bildirilir ki, nə qədər gec deyil, İrəvan sülh yolu ilə Qarabağ münaqişəsinin həllinə razılığını verməlidir. Əks təqdirdə Azərbaycanın güc variantına əl atması qaçılmaz olacaq və belə vəziyyətdə itirən yalnız Ermənistan olacaq. Ermənistanın “1in.am” saytına açıqlamasında rusiyalı hərbi ekspert Aleksandr Xramçixin də bunu xüsusi olaraq qabardıb və bildirib ki, Azərbaycan müharibə elan etmək istəsə, bunun qarşısını almaq olmayacaq: “ Azərbaycan müharibəni başlamağa qərar versə, o zaman hansı formada müharibənin qarşısını almaq mümkün olacaq? Hücumun qarşısını almaq başqa məsələdir, amma Azərbaycan istəyəcəyi təqdirdə müharibənin başlanmasının qarşısını almaq mümkün olmayacaq. Qarabağdakı erməni ordusu barədə dəqiq informasiya yoxdur. Ümumiyyətlə, Dağlıq Qarabağ informasiya baxımından çox qapalıdır. Belə ki, Dağlıq Qarabağ tanınmamış ərazidir”.

O, həmçinin, müharibəbaşlayacağı təqdirdə Azərbaycan və Ermənistan ordularının mövqeləri barədə danışıb: “Erməni ordusu döyüş mövqelərini gücləndirməyə çalışır. Bunun üçün son illər Rusiyadan aldığı silahlardan da istifadə etməyə cəhd göstərir. Amma Azərbaycan Ordusu daha güclü silahlanıb. Onun, özəlliklə, səmada böyük üstünlüyü var”.  Müdafiə və milli təhlükəsizlik üzrə amerikalı mütəxəssis Robert Farli də “The National İnterest” jurnalına açıqlamasında Qarabağ münaqişəsi ətrafında təhlükəli vəziyyətin yarandığını bildirib. O, hətta münaqişə yenidən alovlanacağı halda, bura kənar qüvvələrin cəlbini və beləliklə, konfliktin əhatə zonasının görünməməiş dərəcədə böyüyə biləcəyini vurğulayır. Bu səbəbdən, ekspertin fikrincə, ən yaxşı vasitə münaqişənin dinc müstəvidə həllinə nail olmaqdır. Amerikalı ekspertin mövqeyinə görə, Türkiyənin Rusiya ilə yaxınlaşması və ABŞ-dan, Avropa İttifaqından məsafə saxlaması regiondakı qüvvələr balansını pozacaq: “Bu kontekstdə Dağlıq Qarabağ münaqişəsi xüsusilə təhlükəlidir”. Ekspert hesab edir ki, məhz qeyd edilən səbəbdən konfliktin dinc müstəvidə həlli tezləşməlidir.

Əslində, Ermənistanda da yaxşı başa düşürlər ki, Azərbaycan ordusu ilə yenidən üz-üzə gəlmək onlar üçün müsbət heç nə vəd etmir. Əksinə, ermənilər yeni ciddi zərbələr alacaqlarının da yaxşı fərqindədirlər. Hətta işğalçı ölkənin rəhbəri Serj Sarkisyanın son günlərdə bu xüsusda yeni etirafları da var.  O, bu günlərdə  “Armeniya” telekanalına müsahibəsində Azərbaycan ordusunun daha güclü olduğunu, dolayı yolla olsa da, etiraf edib. Sarkisyan bu fonda  Ermənistanın hərbləşdirilmiş dövlətə çevrilməsi barədə bəyanatdan narahat olmadığını da belə izah edib: “Bir tərəfdən bizi Azərbaycandan zəif olmaqda ittiham edirlər, digər tərəfdən hərbləşməkdən danışırlar. Biz təhlükəsizlik məsələlərimizi həll etmək imkanı verəcək addımı atmağa məcburuq. Aprel döyüşləri göstərdi ki, biz bunu etməmişik”.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov da bildirir ki, Sarkisyan Azərbaycanın Ermənistandan güclü olduğunu açıq-aşkar etiraf edir. Hərbi ekspertin fikrincə, Ermənistanda cəmiyyət qarşısında verilən heç bir vəd yerinə yetirilməyib və indi bu ölkənin prezidenti hər şeyi etiraf etməyə məcburdur: “Aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələri qarşıya qoyulan bütün tapşırıqları icra etdi. Ermənistan tərəfi isə müdafiə olunan mövqelərini itirməyə məcbur oldu. Ordumuz həmin mövqeləri işğaldan azad edərək verilmiş tapşırığı yerinə yetirdi. Onlar ordumuzun qarşısında tab gətirsəydilər, həmin mövqelərdən geri çəkilməzdilər. İlk vaxtlarda ermənilər məğlubiyyəti etiraf etmirdilər. Cəmiyyətə vədlər verirdilər ki, guya həmin əraziləri geri alacaqlar. Bundan sonra müəyyən təxribatlara cəhd də etdilər. Həmin təxrbatların hər birinin qarşısı alındı. Bundan sonra Ermənistanın Müdafiə Nazirliyində rəhbər şəxsləri dəyişdirildi. Dəyişikliklərdən sonra da müəyyən təxribat cəhdləri oldu və düşmən layiqincə cavabını aldı”. Ş.Ramaldanov əlavə edib ki, aprel döyüşlərindəki itkilər Ermənistan cəmiyyətində ruh düşkünlüyü yaradıb: "Bunun nəticəsidir ki, ölkədə etirazların sayı daha da artıb. Həmçinin keçmiş müdafiə naziri müxalifətə keçib və dövlət rəhbərliyinə bildirib ki, Azərbaycanla Qarabağ məsələsini həll etmək lazımdır. Özləri də etiraf edirlər ki, işğalçı ordu Azərbaycan ordusunun və silahının qarşısında tab gətirə bilməz, bu məsələdə Ermənistan çox zəifdir”. Ehtiyatda olan polkovnik vurğulayıb ki, Sarkisyanın etirafı həm dəErmənistanın havadarlarına və xaricdə olan diaspor təşkilatlarına ünvanlmış mesajdır: “Sarkisyan bu mesajla Ermənistan odrusunun necə aciz vəziyyətdə olduğunu göstərdi. O bunu etməklə öz havadarlarından yardım dilənmək istəyir”. Amma reallıq bundan ibarətdir ki, Ermənistan rəhbərlyinin yardım almaq üçün bütün cəhdləri əbəsdir və dünya miqyasında da İrəvana xəbərdarlıqlar edilir ki, məsələnin sülh yolu ilə çözümü üçün əməli addımlar atsın. Əks vəziyyət isə, yuxarıda qeyd olunduğu kimi, İrəvanın özünə zərbə vuracaq. Fransanın Ermənistandakı səfiri Conatan Lakot da məsələyə elə bu tərəfdən nəzər salır:  “Dağlıq Qarabağ münaqişəsini dondurulmuş kateqoriyasına aid etmək çətindir”. Münaqişənin cəmiyyətdə əks olunma səviyyəsindən təəccübləndiyini deyən diplomat ilin əvvəlindən bəri təmas xəttində 57 erməni hərbçisinin həlak olduğunu diqqətə çatdırıb. Səfir bu fonda qeyd edib ki, Qarabağ konflikti dondurulmuş münaqişə deyil: “Bu, insanlara və iqtisadiyyata təsir edən gerçək münaqişədir. Bu münaqişə bizi narahat edir. Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi öhdəliklərini yerinə yetirməkdə qərarlıdır. Danışıqlar prosesinin mərkəzində güc tətbiqinin yolverilməzliyi, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsipləri dayanır. Fransada ən yüksək səviyyədə münaqişəni izləyirlər. Fransa Minsk Qrupu tərkibində öhdəliklərinə tam sadiqdir, lakin söhbət vasitəçilik rolundan gedir”. Bununla belə, Lakot səfir olduğundan, danışıqlar prosesinin detalları barədə danışa bilməyəcəyini də əlavə edib: “Dağlıq Qarabağ problemi mürəkkəbdir. Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin həlli sahəsində öz vəzifəsini qətiyyətlə yerinə yetirmək niyyətindədir. amma mən danışıqlar prosesinin mahiyyəti barədə heç nə danışa bilmərəm”.

Fransa ilə yanaşı, ATƏT -in Minsk Qrupunun digər həmsdəri Rusiyanın da məsələnin həllində daha aktiv rol oynamasının vacibliyi ön plana çəkilir. “Moskva-Bakı” portalına müsahibəsində Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanovun qeyd olunan xüsusda son açıqlamaları xüsusi diqqət cəlb edir. O bildirir ki,  Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə daha səmərəli işləməlidir.  Züqanov qeyd edib ki, münaqişənin həll olunması üçün düzgün qərarlar mövcuddur: “Gəlin birlikdə həll yollarını tapaq. Bu məsələdə hər kəs maraqlıdır”. Onun sözlərinə görə, Rusiyanın Qafqaz regionundakı siyasəti daha düzgün, səmərəli və nüfuzlu ola bilərdi: “Bu həm Azərbaycanla, həm Ermənistanla, həm də Gürcüstanla münasibətlərə aiddir”. Beləliklə, məsələnin sülh yolu ilə həlli üçün həm həmsədr ölkələrin səylərini artırımasına dair çağrışlar edilir, həm də Ermənistanın bu istiqamətdə zəruri addımlar atmasının vacibliyi ön plana gətirilir. Çünki yenə də xüsusi vurğulamaq lazım gəlir ki, savaşın başlamasından uduzan yeganə tərəf Ermənistan olacaq. Məhz bu səbəbdəndir ki, Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin gündəmə gəlməsi yeni böyük qorxular yaranıb. Bu məqama diqqət çəkən erməni mediası yazır ki, hazırda İrəvanda hakimiyyət uğrunda prezident Serj Sarkisyanla Rusiyanın adamı olan baş nazir Karen Karapetyan arasında mübarizə gedir. Ekspertlər hesab edir ki, Sarkisyan Rusiyanın dəstəklədiyi Karapetyana məğlub olmamaq üçün klassik üsluba, yəni Dağlıq Qarabağda gərginliyin yaradılmasına əl atacaq.“Ermənistan Milli Konqresi” partiyasının sədr müavini Vardan Malxasyan da  İrəvandaxili toqquşmaların Qarabağda böyük gərginliyə səbəb ola biləcəyini düşünür: “Qarabağda hərbi variantın gündəmə gəlməsi aktualdır. Xüsusilə “aprel müharibəsi” yenidən təkrarlana bilər. Ehtimal ki, toqquşma başlasa Azərbaycan “ildırımsürətli hücum” planı ilə Ermənistana zərbələr endirəcək. Bu baxımdan, biz siyasi ambisiyalara görə buna getməməliyik və daha ayıq olmalıyıq. Çünki “aprel müharibəsi” nəticənin necə olacağını indidən deməyə imkan verir”. Erməni ekspert vurğulayır ki, belə vəziyyətdə savaşın yeniən başlamasında Ermənistan ən çox itirən tərəf olacaq. İndilikdə isə erməni tərəfinin Qarabağ məsələsinin ya sülh, ya da hərb yolu ilə çözümündə seçim etməsi üçün çox az vaxtı var. Bu vaxtdan səmərəli istfiadə olunmasa, Azərbaycan güc amilindən yararlanmağa məcburdur.