Dek 20, 2017 22:40 Asia/Baku
  • Ermənistanın Dağlıq Qarabağ çıxmazı
    Ermənistanın Dağlıq Qarabağ çıxmazı

Artıq başa çatmaqda olan cari il ərzində də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansısa yaddaqalan addımlar atılmadı, konfliktin çözümü “ölü nöqtə”dən tərpənmədi. Amma əvəzində müşahidə olunan hal məhz Qarabağ konflikti səbəbindən Ermənistanın siyasi, iqtisadi müstəvidə təcridinin daha da dərinləşməsi oldu.

Xüsusən də Bakı-Tiflis-Qars dəmir yolu xətti istismara verildikdən sonra erməni tərəfi bu təcridin onun üçün hansı böyük mənfi təsirlərə malik olduğunu bir daha əyani surətdə görmüş oldu. Elə bu səbəbdən münaqişhənin həll müddətinin uzanması erməni cəmiyyətində çox ciddi narazılıq doğurur. Çünki bu hal Ermənistanın mövcud tənəzzlünü daha intensiv vəziyyətə gətirir. Hətta iş o yerə çatıb ki, zəbt olunmuş ərazilərdə məskunlaşdırılmış ermənilər də İrəvanın siyasətinə etiraz edir. Əsas səbəb həm İrəvanın yardımlarının azalması, həm də sosial durumlarının ötən illərə nisbətdə daha da pisləşməsidir.

Məsələ ilə bağlı erməni mediası da istər Ermənistanda, istərsə  də  Azərbaycanın işğal altında olan ərazilərində yaşayan ermənilərin acınacaqlı sosial vəziyyətdə olduğunu yazır. Məsələn,  Ermənistanda çıxan “Jamanak” qəzeti bildirir ki, Dağlıq Qarabağda çörəyin və başqa gündəlik tələbat mallarının qiyməti bir neçə dəfə qalxıb.  O da vurğulanır ki, əslində,  Ermənistanda da çörək və başqa gündəlik tələbat mallarının qiyməti artıb. Qəzetin yazdığına görə, 2018-ci il yanvarın 1-dən ya çörəyin çəkisi azalacaq, ya da bu məhsul bahalaşacaq. “Sosiometr” sosial araşdırma mərkəzinin direktoru, sosioloq Aqaron Adibekyan isə bildirib ki, Ermənistanda hər on ailədən biri ac yatır: "Ölkədə il ərzində apardığımız araşdırmaya əsasən, ailələrin 10 faizi ac yatır. Sözsüz ki, yeni ildə gözlənilən bahalıq vəziyyəti daha da ağırlaşdıracaq”. Erməni ekspertlər bildiriblər ki, 2018-ci il yanvarın 1-dən ölkədə 800-dən artıq məhsulun qiyməti artacaq. Mütəxəssislər hesab edir ki, öz əhalisinin gündəlik tələbat mallarına olan ehtiyacını ödəyə bilməyən Ermənistan hakimiyyəti və onun havadarları Azərbaycan topaqlarını işğal altında, oradakı erməniləri isə girov saxlayır. Qeyd olunduğu kimi, bu vəziyyətdən sadə ermənilərin narazılığı gedərək artır. Çünki hakimiyyətdə yer alanlardan fərqli olaraq, onların vəziyyəti daha sürətlə pisləşir. Ermənistanın sabiq baş naziri Qrant Baqratyan bütün bunlarda hökuməti günahlandırır. O bütün bunları Ermənistan hökümətinin apardığı yanlış siyasətlə əlaqələndirib: “Erməni cəmiyyətində total yoxsulluq hökm sürür. Bununla bərabər, insanlar daimi qorxu və stress atmosferində yaşayır. Pensiyalar və maaşlar həddən aşağıdır və əhalinin ən elementar tələbatlarını ödəmək iqtidarında deyil. Sadə xalq sözün əsl mənasında ac-yalavac həyat keçirir. Mövcud rejim isə hər şey edir ki, xalqı qorxu içində saxlasın. Hazırda Ermənistanda yaşayan minlərlə insan iş tapa bilmir, çətin şərtlər altında həyatına davam edir. Ən böyük problem isə sosial təminatla bağlıdır. Belə insanlar dövlətdən heç bir yardım və güzəşt əldə edə bilmir. Əksinə, addımbaşı maneə və çətinliklərlə qarşılaşırlar. Serj Sarkisyan indiyədək hakimiyyətdəki yerini möhkəmləndirməkdən başqa heç nə etməyib. Doqquz ildə bu klan Ermənistanı səfillər ölkəsinə çevirib. Ölkədə heç bir irimiqyaslı layihə həyata keçirilmir. Xarici borc 8 milyard dollardır. Durmadan artan bu rəqəm Ermənistanı iqtisadi çöküşə gətirib çıxaracaq”. Yaranmış vəziyyətdə həm Ermənistandan, həm də zəbt olunmuş ərazilərdən ermənilərin köçünün yeni vüəst alması gözlənir. Ümumiyyətlə, ermənilərin ölkədən qaçmasının başlıca səbəbi işğalçı rejimin siyasətinin qurbanına çevrilməməkdir. Valideynlər övladlarının Dağlıq Qarabağa hərbi xidmətə göndərilməsinin əleyhinədir. Bunu Rusiyada yaşayan erməni ekspert Arbak Xaçatryan da təsdiq edir. O, Ermənistanda Qarabağ erməniləri ilə yerli ermənilər arasında olan ziddiyyətlərin kəskinləşməsinin daha geniş vüsət aldığını etiraf edir: ”Qarabağ ermənilərinin hər şeyi var, bizimsə heç nəyimiz yoxdur. Belə vəziyyətdə mən bu gün Ermənistanda baş verən haqsızlıqlar, işsizliyin yaratdığı qorxunc vəziyyət səbəbindən ölkənin daha böyük sürpətlə uçruma yuvarlandığını görürəm. Mənim fikrimcə, bu gün iqtidarın əsas məqsədi öz hakimiyyətini qoruyub saxlamaq üçün xalqın gözünə hər hansı aldadıcı vasitələrlə kül üfürməyə hesablanıb. Bu gün Ermənistanda heç bir iqtisadiyyatdan və ya olmayan bu iqtisadiyyata sərmayə qoymaqdan danışıla bilməz. Xalqın miskin güzəranı, aclığı, ölkədən getməsi, xaricdə iş axtarması Serj Sarksiyan üçün o qədər də önəm kəsb etmir. Daha bir önəm kəsb edən məsələ isə budur ki, indiki prezident baş nazir olmaq həvəsinə düşübsə, deməli, erməni xalqının əsas müsibəti hələ qabaqdadır”.

Yeri gəlmişkən qeyd edək ki, Sarksiyanın baş nazir olmaq niyyəti də Ermənistanda narazılıq yaradır və cəmiyyətdə böyük əksəriyyət hesab edir ki, bu durumda ölkəni fəlakətə sürükləyən Qarabağ məsələsində dinc yolla irəliləyişin olması sual altına düşür. Artıq Ermənistanda da açıq etiraf olunur ki, prezident Serj Sarkisyanla baş nazir Karen Karapetyan arasında vəzifə bölgüsünə görə əldə olunan razılışma pozulandan sonra müharibə açıq müstəviyə keçir. Xatırladaq ki, gələn ilin aprelində Sarkisyanın prezident səlahiyyətləri başa çatır. Bundan sonra, yeni konstitusiyaya əsasən, ölkədə əsas söz sahibi baş nazir olacaq. İqtidarı əldən vermək istəməyən Sarkisyan məhz baş nazir olaraq hakimiyyətini davam etdirməyi planlaşdırır. Lakin Kremlin adamı olan və birbaşa Rusiyadan Ermənistana göndərilərək bu ölkənin baş nazir postuna yerləşdirilən Karapetyan bu prosesdə Sarkisyan üçün ciddi əngələ çevrilib. Düzdür, əvvəllər belə məlumat yayılmışdı ki, Sarkisyan Karapetyana baş nazirin birinci müavini olaraq hökuməti idarə etmək təklifini verib. Məlumatlara görə, Karapetyan əvvəlcə razılaşmasa da, qarşı cəbhənin “sən Azərbaycan lideri ilə Qarabağ danışıqlarını aparmaq gücündə deyilsən” arqumentindən sonra təklifi qəbul edib. Razılaşmaya görə, Sarkisyan baş nazir olaraq xarici siyasət və təhlükəsizlik sektoruna, Karapetyan isə baş nazirin birinci müavini olaraq hökumətə nəzarət edəcəkdi. Lakin sonradan razılaşma Karapetyan tərəfindən pozulub. Razılaşmanın pozulması göstərişinin də məhz  Kremldən verildiyi bildirilir. Belə ki, Sarkisyan ötən ay Moskvada prezident Vladimir Putinin qəbulunda oldu və həmin görüşdə Dağlıq Qarabağdan tutmuş, Ermənistanın daxili siyasətinə qədər bir çox məsələnin müzakirə edildiyi haqda məlumatlar var. Ehtimallara görə, müzakirələr Putinin istəyinə uyğun keçməyib. Ardınca Sarkisyan, Rusiyanın liderlik etdiyi Avrasiya İqtisadi İttifaqında təmsil olunmasına baxmayaraq, Brüsselə gedib və Avropa İttifaqı ilə saziş imzalayıb. İddialara görə, bu məsələdə Rusiya Ermənistana təzyiq etməyib. Lakin sazişin imzalanmasından dərhal sonra Kremlin Ermənistandakı adamı Karapetyan Sarkisyanla vəzifə bölgüsünə dair razılaşmanı pozub və gələn il üçün təbliğat kampaniyasına başlayıb. Bu, Kremlin Sarkisyanı cəzalandırmaq niyyətininin mühüm göstəricisi sayılır. Özü də o fonda ki, artıq Karapetyan Qarabağ məsələsilə də bağlı addımlar ata biləcəyini Sarksiyana nümayiş etdirir. Karapetyanın bu günlərdə işğal olunmuş ərazilərə səfər etməsi də bunun göstəricisi sayılır. Baş nazirin bu posta təyin olunandan sonra ilk dəfə qondarma rejimlə Dağlıq Qarabağ münaqişəsi və təhlükəsizlik məsələsini müzakirə etməsi də bu mənada təsadüfi deyil. Bununla Karapetyan indiki prezidentə Qarabağ məsələsilə də məşğul ola biləcəyini göstərmiş olur. Moskvadan aldığı dəstək sayəsində isə Karapetyanın Sarksiyanı devirmə ehtimalı artır.

Digər tərəfdən, Karapetyan Moskvadan gələn Qarabağ göstərişlərini də daha can-başla icra etməyə hazırdır və bu, indiki halda Kremlə sərf edir. Özü də o fonda ki, son dövrlər Sarksiyanın Qarabağ məsələsində artan sərsəmləmələri də Kremldə müsbət qarşılanmır. Məsələn, elə bu günlərdə Serj Sarkisyan Dağlıq Qarabağla bağlı Rusiyaya məxsus “Lavrov planı”nın mövcudluğunu inkar edib. Onun iddialarına görə, hazırda proses iki istiqamət üzrə irəliləyir: “Birincisi, gərginliyin azaldılması. İkincisi, gərginliyi aradan qaldırmağa imkan verəcək nəzarət mexanizmlərinin qurulması. Yalnız bunlardan sonra hansısa sənədlər üzrə müzakirələr mümkün olacaq. Eyni vaxtda güllələmək və danışıq aparmaq mümkün deyil. Bu şəraitdə razılığa gəlmək də mümkün deyil. Atəşkəsin pozulması gərgin vəziyyət yaradır”. Sarkisyan bildirib ki, münaqişənin həlli ilə bağlı gündəmə gələn “Lavrov planı” mövcud deyil: “Danışıqlar masasında hansısa konseptual sənəd yoxdur. Lavrov Ermənistana sonuncu səfəri zamanı Qarabağla bağlı hansısa təkliflər gətirməmişdi”. Halbuki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir müddət öncə fərqli açıqlamalar vermişdi: “Qarabağ münaqişəsi ilə bağlı ümumi razılıqlar var, sadəcə olaraq, bəzi kiçik detallar müzakirə olunur”. Lavrovun ötən ay Bakı və İrəvana səfəri zamanı da Qarabağla bağlı yeni təkliflər gəıtirdiyi deyilirdi. Hətta erməni siyasi şərhçi Vigen Petrosyan açıq bildirirdi ki, Rusiya Ermənistandan Qarabağ ətrafındakı rayonların bir neçəsini azad etməyi istəyir: “Nazirlər Kabineti və Prezident Aparatındakı mənbələrimiz Lavrovun İrəvan səfərinin bəzi detallarını açdı. Onların dediyinə görə, Lavrov və Sarkisyan arasında bağlı qapılar arxasında keçirilən görüşdə müzakirələr olduqca gərgin olub. Məsələ ondadır ki, Moskva Avrasiya İqtisadi İttifaqının iki üzvü – Qazaxıstan və Qırğızıstan arasında münaqişənin nəticəsində ittifaqın reytinqinin sürətlə düşməsindən narahatdır. Putin bu ittifaqa böyük güc sərf edib, buna görə də Astana və Bişkekin mübahisələrinin ümumi imicə zərər verməsini qəbul etmir. Xüsusilə bunun Rusiyada prezident seçkiləri ərəfəsində baş verməsi qəbuledilməzdir. İttifaqın imicinin yüksəldilməsi üçün Rusiya Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qəbul edilməsi variantı üzərində düşünür. Bakı bunun qarşılığında öz şərtlərini irəli sürdü: “Biz işğal edilmiş Qarabağ ətrafındakı rayonlardan ilkin olaraq beşi azad edilməyəcəyi təqdirdə ittifaqa giriş haqda düşünə bilmərik”.  Lavrov qapalı görüşdə Sarkisyana Azərbaycanın ittifaqa üzv olmasına razılıq verməyi və bunun baş tutması üçün rayonların azad edilməsi haqda Kremlin ultimatumunu çatdırdı”. İndi Sarksiyanın bunlardan imtina etməsi Rusiyada birmənalı qarşılanmır. Ermənistanda da Sarksiyandan sosial zəminə artan narazılıq fonunda Moskva indiki prezidenti baş nazirlə əvəzləyib Qarabağ məsələsində də müəyyən irəliləyişlərə nail olmağı məqbul hesab edir.