Türkiyə sionist rejimi tənqid etdi
Türkiyə baş nazirinin müavini və hökumətin sözçüsü deyib: Sionist rejimin işğal olunmuş ərazilərdə və Qüds-Şərifdəki son hərəkətləri müsəlmanlar, insan haqları, din və vicdan azadlığına inanan hər bir şəxsin qəzəbinə səbəb olub.
İRNA-nın məlumatına görə, Türkiyə hökumətinin yeni sözçüsü Bəkir Bozdağ Ankarada keçirdiyi mətbuat konfransında deyib: Əl-Əqsa məscidi qapılarını namaz qılanların üzünə bağlamaq, dini əməlləri yerinə yetirməyə mane olmaq, namaz qılanlar və etirazçılara hücum etmək və əl-Əqsa məscidi girişlərində elektron detektorları quraşdırmaq ədalətsiz, qeyri-qanuni və insan haqlarına zidd hərəkətlərdir.
O əlavə edib: Sionist rejim əl-Əqsa məscidi və Qüds-Şərifin tarixi kimliyinə hörmətlə yanaşmalıdır.
Bozdağ həmçinin sionist rejimdən dərhal elektron detektorları yığışdırmasını, müsəlmanlara tətbiq olunan məhdudiyyətləri ləğv etməsini, Qüds-Şərifə normal vəziyyəti qaytarmasını və əl-Əqsa məscidində böhranın güclənməsinə mane olmasını istəyib.
Sionist rejim təhlükəsizlik məmurları 14 iyulda əl-Əqsa məscidində 3 fələstinli gəncə hücum edərək onları şəhid etdilər. Bu hücumda 2 sionist hərbçi də öldürüldü.
Bu qarşıdurma ardınca, sionist rejim təhlükəsizlik məmurları bir daha əl-Əqsa məscidinin qapılarını namaz qılanların üzünə bağladı. Lakin bazar günü elektron detektorların quraşdırılması ilə bu məscidin iki qapısı namaz qılanların üzünə açıldı.
Bu həftə cümə namazında da fələstinlilər əl-Əqsa məscidinin ətraf küçələrində namaz qılmaqla bu məsciddə tətbiq olunan məhdudiyyətlərə etirazlarını bildiriblər.