Avq 29, 2020 10:33 Asia/Baku
  •  “Aİ Şərqi Aralıq dənizi probleminin həllini istəyirsə, qərəzsiz davranmalıdır”

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısından sonra yaydıqları bəyanata etiraz edib.

Səhər Azəri bildirir ki,  Türkiyə XİN-in sözcüsü Hami Aksoy açıqlamasında deyib: Şərqi Aralıq dənizində gərginliyin səbəbkarı Yunanıstan və Cənubi Kipr Respublikasıdır (GKRY): "Burada Türkiyənin və Kipr türklərinin mənafelərinin nəzərə alınmaması cəhdlərinə Aİ-nin həmrəylik göstərməsi bu gərginliyi daha da artırıb. Ölkəmizin kontinental şelfindəki karbohidrogen fəaliyyətlərini tənqid etmək və bu fəaliyyətləri dayandırmağı tələb etmək Aİ-nin səlahiyyətində deyil. Bu səlahiyyətin olmaması Aİ Ədalət Məhkəməsi tərəfindən də təsdiq olunub. Odur ki, bu tələb həm Aİ-nin öz müddəasına, həm də beynəlxalq hüquqa ziddir”. 

Diplomat onu da vurğulayıb ki, bu məsələdə Türkiyə hər zaman dialoqa hazır olduğunu bildirsə də, Aİ-nin sanksiya tətbiqinə tərəfdarlığı mövcud problemin həllinə ciddi şəkildə mane olur: “Türkiyə əleyhinə qurulan bütün ittifaqlara rəğmən özünün və Kipr türklərinin mənafeyini qorumağa qətiyyətlə davam edəcək. Ai Şərqi Aralıq dənizində bir həll yolu istəyirsə, Yunanıstan və Cənubi Kipr Respublikasının mövqeyinin doğru olmadığını görməli, qərəzsiz davranmalı və vicdanlı vasitəçi olmalıdır”.

Qeyd edək ki, Aİ-yə üzv ölkələr Türkiyənin Şərq Aralıq dənizindəki qazma-kəşfiyyat əməliyyatlarını dayandırmayacağı halda rəsmi Ankaraya sanksiyalar tətbiq edəcəyini bildirib.

“Şərqi Aralıq dənizi böhranında diplomatik irəliləyiş olmasa, Aİ Türkiyəyə sanksiyalar tətbiq edəcək”.

bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel Almaniyanın Xarici İşlər naziri Hayko Maas ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Jozep Borrel individual şəxslərə yönəldiləcək mümkün sanksiyaların siyahısını tərtib etməyə başlayacağını söyləyib. O bildirib ki, bu sanksiyalar aktivlərə, gəmilərə aid edilə, habelə Türkiyənin Avropa limanlarına girişinin məhdudlaşdırılmasına qədər genişləndirilə bilər: “Əgər diplomatik irəliləyiş olmasa, bu addımlar Aİ liderlərinin sentyabrın 24-də Brüsseldə keçiriləcək görüşündə müzakirə oluna bilər. 

Türkiyə birtərəfli hərəkətlərdən çəkinməlidir. Bu, dialoqun inkişafı üçün vacib elementdir. Türkiyənin davranışı ilə bağlı artan məyusluq var. Biz dialoq üçün yer saxlamaqla ümumi maraqlarımızın müdafiəsində kollektiv güc göstərmək arasında incə bir xətt çəkməliyik . Biz dialoqa ciddi bir şans vermək istəyirik”.

Teqlər