Türkiyə prezidenti böyük qüdrətləri riyakar adlandırdı
Ərdoğan: Ermənistanın hücumlarının qarşısının alınmaması riyakarlığın əsl nümunəsidir
"Ermənistanın Azərbaycan torpaqlarına hücumlarının qarşısının alınmaması dünyada riyakarlığın əsl nümunəsidir"
Səhər Azəri xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin onun sədrliyi ilə keçirilən növbəti iclasından sonra xalqa müraciətində bildirib.
“Suriyada, Liviyada, Yəməndə və digər bir çox ölkələrdə hələ davam edən bir çox humanitar böhranlarda riyakarlığını, mənfəətlərini davam etdirən dövlətlərin dünyaya haqq və ədalət yaymayacaqlarını buradan bir daha təkrar edirəm. Ermənistanın Azərbaycan torpaqlarına hücumlarının qarşısını almaq üçün müvafiq addımların atılmaması buna misaldır”.
Prezident deyib ki, Kipr və Şərqi Aralıq Dənizi problemində bir neçə ölkənin mənfəətlərini qorumaq üçün tarixi həqiqətlərə, beynəlxalq sazişlərə arxa çevirən ölkələr var: “Sırf Türkiyəyə olan ədavətlərilə əlaqədar regionumuzun və dünyanın balansını pozmağa çalışanlar əslində öz mənfi aqibətlərini öz əllərilə hazırlayırlar”.
Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyənin heç kəsin torpağında gözü yoxdur. Türkiyə öz hüquq və haqlarını sonadək müdafiə edəcək.