İngiltərə koronavirusu Türkiyədə də aşkarlanıb
Türkiyədə İngiltərə koronavirusu adı ilə tanınan COVİD-19 virusunun daha yoluxucu və yeni növünə ilk yoluxma faktı qeydə alınıb.
SəhərAzəri Anadolu xəbər agentliyinə istinadən xəbər verir, Türkiyənin səhiyyə naziri, İngiltərədən Türkiyəyə gəlmiş 15 nəfərdə koronavirusun İngiltərə variantının aşakar olunduğunu bildirib.
Türk rəsmisi, ingilis səyahətçilərin Türkiyəyə girişinin müvəqqəti dayandırıldığını da əlavə edib.
Türkiyə hökuməti bu xəbəri açıqlayaraq, bütün ehtiyat və önləyici tədbirlərə riayət edilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Britaniya hökuməti üç ay gecikmədən sonra COVİD-19 virusunun daha çox yoluxucu olan yeni növünün aşkar edilməsindən xəbər verib. Baxmayaraq ki, Ümumdünya Səhiyyə Təşkilatına görə, bu yeni növün əlamətlərinin daha ağır və ya daha çox ölmə səbəb olacağına dair hələ ki heç bir dəlil yoxdur.
Xatırladaq ki, Türkiyə hökuməti son 24 saatda koronavirusa 12 min 203 yeni yoluxma faktı və bu virusdan 212 ölüm hadisəsi qeydə alıb. Beləliklə də bu ölkədə koronavirusa yoluxanların ümumi sayı 2 milyon 22 min nəfəri ötüb, virusu qurbanlarının sayı isə 21 min 93 nəfərə çatıb.