İstanbulda Rusiya-Ukrayna danışıqlarının 1-ci raundu başa çatıb
Rusiya və Ukrayna arasında danışıqlar heyətinin İstanbulda keçirilən görüşünün birinci raundu başa çatıb.
SəhərAzəri-nin məlumatına əsasən, danışıqlarda iştirak edən Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak deyib ki, İstanbulda Rusiya ilə aparılan danışıqlarda əsas diqqət Ukrayna üçün təhlükəsizlik təminatı və atəşkəsə yönəlib.
“Bir neçə mühüm məsələ ilə bağlı intensiv məsləhətləşmələr gedir. Bunlar arasında əsas məsələ Ukrayna üçün beynəlxalq təhlükəsizlik zəmanəti haqqında sazişdir, yalnız bu razılaşma ilə müharibəni Ukraynaya lazım olan şəkildə bitirə bilərik”, - o qeyd edib.
Podolyak əlavə edib ki, müzakirə olunan məsələlərin ikinci hissəsi atəşkəslə bağlıdır.
Podolyak qeyd edib ki, tərəflər müharibə qaydalarının pozulmasını da müzakirə edirlər.
Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin isə TASS-a bildirib ki, Ukrayna ilə danışıqların praktiki müstəviyə keçməsi ilə əlaqədar Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivliyi dəfələrlə azaltmaq qərara alınıb. Onun sözlərinə görə, Rusiya tərəfi hesab edir ki, Kiyev də müvafiq qərar qəbul edəcək və “sonrakı normal iş üçün şərait yaradacaq.
Aleksandr Fomin İstanbulda bu gün keçirilən danışıqların yekunlarına əsasən Kiyevi “əsirlərə qarşı Cenevrə konvensiyasına əməl etməyə” çağırıb.