Türkiyə BMT-nin quruluşunun yenidən nəzərdən keçirilməsinə çağırıb
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri dünyanın BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü olan ölkədən daha böyük olduğunu vurğulayaraq, bu beynəlxalq qurumun yenidən qurulmasına çağırıb.
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikası və bir çox digər ölkələrin rəsmiləri dəfələrlə BMT-nin strukturunun dəyişdirilməsinə və sənədlərinə yenidən baxılmasına çağırıblar.
BMT-nin sənədlərinə və strukturuna yenidən baxılması bütün ölkələrin maraqlarını təmin etmək üçün demokratiya prinsipləri, gücdən istifadə etməmək, ölkələrin bərabərliyi və mədəniyyətlərin müxtəlifliyinə hörmət əsasında aparılmalıdır.
"FARS" xəbər agentliyinin məlumatına görə, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib: "BMT-nin əsas məqsədi beynəlxalq sülh və təhlükəsizliyi qorumaqdır və bu təşkilat qurulduğu gündən bəri dünyada sülh və sabitliyə mühüm töhfələr verib, lakin Soyuq Müharibə sonrası dövrdə yaşanan böyük humanitar fəlakətlərin qarşısını almaqdakonkret həll yolları irəli sürə bilməyib".
Altun əlavə edib: "Keçmişdə Bosniya və Herseqovina, Ruanda, Suriya və Kosovoda baş verən insan faciəsinin qarşısını almaqda aciz qalan BMT, son zamanlar Rusiyanın Ukraynaya hücumları zamanı da buna bənzər çarəsizlik nümunəsi nümayiş etdidi".
Sülh və təhlükəsizliyin qorunması üçün qurulan BMT-nin artıq bu mövzuda beynəlxalq ictimaiyyətin gözləntilərini qarşılaya bilməyəcəyinə diqqət çəkən Altun, bildirib ki, son 30 ildə dünya siyasətində baş verən proseslər və qüvvələr balansındakı dəyişikliklər fonunda təşkilat bu gün artıq sabitləşdirici funksiyasını yerinə yetirə bilmir.
Altun qeyd edib ki, təşkilatın dünya sülhünü və sabitliyini təhdid edən hadisələr qarşısında təsirli və tutarlı rol oynamaqdan aciz qalması beynəlxalq ictimaiyyət qarşısında onun etibarını və nüfuzunu da azaldır. Ona görə də BMT-nin strukturu yenidən qurulmalıdır.