General Yücel Karauz
ABŞ-ın Ankaraya yeni şərti qəbuledilməzdir
ABŞ Türkiyənin güclənməsini istəmir. Digər tərəfdən, ABŞ ölkəmizin yalnız Vaşinqtonun mənfəət və mənafelərinə uyğun şəkildə hərəkət etməsinə çalışır.
SəhərAzəri-nin AXAR.AZ-a istinadən verdiyi məlumata görə bu sözləri Vaşinqtonun F-16 qırıcıları ilə bağlı irəli sürdüyü yeni şərtləri şərh edən Türkiyənin Bakıdakı keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.
Qeyd edək ki, ABŞ Senatının Xarici işlər üzrə Komissiyasının sədri Robert Menendezdən sonra senator Kristofer van Hollen də 2023-ci il üçün “Milli Müdafiə Maliyyələşmə Qanunu”na (NDAA) Türkiyəyə F-16-ların verilməsi və modernizasiya haqqında dəyişiklik üçün yeni şərtlər paketini təqdim edib. Bu şərtlərə görə, Türkiyə F-16-lar ilə Yunanıstan üzərində icazəsiz uçuş keçirə, qırıcılardan Suriyada kürd silahlı qrupları PYD və YPG eləcə də Suriyadakı ABŞ-ın digər qeyri-qanuni müttəfiqlərinə qarşı istifadə edə bilməz. Həmçinin Finlandiya və İsveçin NATO-ya üzvlüyü təsdiq edilmədən Türkiyəyə F-16-ların verilməməsi də şərt kimi qoyulur.
General Yücel Karauz deyib: “Öncə bizi F-35 layihəsindən çıxardılar, indi isə F-16-lar üçün yeni şərtlər irəli sürürlər. Əslində təyyarələri verməmək üçün belə qəbuledilməz şərtləri əlavə edirlər.
Keçmiş hərbi attaşə ABŞ və qərb dövlətlərinn Türkiyəni zəiflətməyi planlaşdırdıqlarını xatırladıb ancaq sanksiyaların Türkiyəni gücləndirdiyini bildirib: Belə süni əngəllər, embarqolar ancaq Türkiyəni gücləndirir. Bu gün ölkəmizdə müasir müdafiə sənayesinin inkişafında 1974-1980-ci illər arasında ABŞ-ın, sonra isə Almaniya və İsrailin tətbiq etdiyi sanksiyaların, qadağaların “rolu” var. Türkiyə döyüş təyyarəsi və pilotsuz təyyarə üzərində aparılan işləri sürətləndirəcək və ABŞ öz məqsədlərinə çatmayacaq.
Hərbi ekspert onu da xatırladıb ki, qərbin silah sanksiyaları qarşısında rəsmi Ankara öz alternativlərini nəzərdən keçirəcək.