Yan 22, 2023 14:03 Asia/Baku
  • Türkiyə taxılı rublla ödədi

Türkiyə taxılın rublla ödənilməsi ilə bağlı sövdələşməni uğurla başa çatdırdı, indi Rusiya Misirə belə tədarük məsələsi üzərində işləyir. Bunu Rusiya baş nazirinin müavini Viktoriya Abramçenko deyib.

Viktoriya Abramçenkonun sözlərinə görə, hazırda Rusiya Bankı digər dövlətlərin mərkəzi bankları ilə bu cür qarşılıqlı hesablaşmaların mexanizmlərini işləyib hazırlamaq üçün danışıqlar aparır və bu, təkcə ərzaq təchizatına aid deyil.

Xatırladaq ki, ABŞ və Avropa ölkələrinin Rusiyanın milli valyutasını hədəfə alan sanksiyalar tətbiq etdikdən sonra rus rublu dəyərini itirməyə başlamışdı ancaq Rudiya rəhbərliyi milli valyutanın dəyərini qorumaq üçün bu ölkə nefti və taxılının rublla satılacağını bildirdi.

Ötən ilin mart ayında Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Rublla ixrac edilən malların siyahısının neft, taxıl, metallar, kömür və gübrələri əhatə edəcəyini bildirmişdi.

"Bununla bağlı mən dost olmayan ölkələrin milli parlamentlərindən olan həmkarlarıma müraciət edirəm. Qarşılıqlı rublla hesablaşmalar məsələsinə daha ciddi yanaşın. Bizi təcrid etməyə çalışaraq, sanksiyalar siyasəti ilə siz özünüzü təcrid etdiniz. Qəbul edilmiş qərarlara görə cavab verməlisiniz",- deyə Volodin Avropa ölkələri parlamentarilərinə müraciət etmişdi.

Amerikanın dollar vasitəsi ilə istənilən ölkənin iqtisadiyyatına təsir göstərmək təşəbbüsləri Türkiyəni də narahat edir. Türkiyə rəsmiləri dəfələrlə digər ölkələrlə ticarət mübadilələrinin qarşılıqlı olaraq milli valyutalar vasitəsi ilə ödənilməsi təklifini ortaya atıblar.

Türkiyədə milli valyutanın kövrəkliyi və tez-tez devalvasiyaya uğraması bu ölkə rəhbərləri tərəfindən dollara olan tabelikdən irəli gəlir və məhz buna görə də Türkiyə rəhbərliyi milli valyutalarla ticarət mövzusunda özü də maraqlıdır.  

 

Teqlər