Türkiyə Ermənistanla əlaqələrini normallaşdırmağa çalışır +VİDEO
Sərhəd qapıları ermənilərin üzünə açılacaq
Türkiyənin xarici işlər naziri “A Haber” telekanalına açıqlamasında bildirib ki, Ermənistan və Türkiyə sərhəd-keçid məntəqələrinin açılması üzərində işləyirlər.
Mövlud Çavuşoğlu deyib: “Ermənistan səfirliyinin açılması yaxın vaxtlarda baş tutmaya bilər, çünki əvvəlcə başqa addımlar atmalıyıq. Biz Ermənistan üçün hava məkanımızı açmışıq, yük uçuşları həyata keçirilir, qarşılıqlı hava əlaqəsi başlayıb, Ermənistan aviadaşıyıcıları hava məkanımız üzərindən üçüncü ölkələrə uça bilər. Amma yerüstü keçid məntəqələrinin açılması üçün siyasi şərtlərlə yanaşı, ilk növbədə yolları hazırlamaq, körpünü bərpa etmək lazımdır. Artıq körpünün tikintisi ilə bağlı razılaşmalarımız var”.
Bu arada Ermənistan parlamentininin sədr müavini Ruben Rubinyan jurnalistlərlə söhbətində bildirib ki, Ermənistan və Türkiyə arasında yazın əvvəlində üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün Ermənistan-Türkiyə sərhədinin açılmasına dair razılaşma var və quru sərhədin açılması gözlənilir.
Qeyd olunur ki, Erməni tərəfi “Marqara” keçid məntəqəsini təchiz etmək üzərində işləyir. Planın icrasına hazır olmaq üçün işlər görülür.
Türkiyə tərəfi də buna hazırlaşdıqlarını bildirir.