İyun 30, 2023 16:50 Asia/Baku
  • Ərdoğan vandal hərəkətə görə İsveçi günahlandırır

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan İsveçi Stokholmda keçirilən kiçik bir aksiyada Qurani-Kərimin yandırılmasına imkan verdiyinə görə kəskin tənqid edib.

Röyters agentliyi bildirir ki, Ərdoğanın iyunun 29-da verdiyi bu bəyanatdan sonra İsveçin NATO üzvlüyü məsələsi daha da mürəkkəbləşə bilər.

Stokholmdakı ən böyük məscidin yaxınlığında keçirdiyi aksiya zamanı bir iraqlı xristian kürd Quranı yandırıb.

Aksiyaya İsveç məhkəməsi icazə verib.

Ərdoğan televiziya ilə yayımlanan çıxışında deyib: “Bu cinayəti törədənlər, fikir azadlığı adı altında buna yol verənlər, bu alçaqlığa göz yumanlar məqsədlərinə çatmayacaqlar. Terror təşkilatları və islam düşmənləri ilə qəti şəkildə mübarizə aparana qədər reaksiyamızı ən sərt şəkildə göstərəcəyik. Qərbin təkəbbür abidələrinə müsəlmanların müqəddəslərini təhqir etməyin fikir azadlığı olmadığını öyrədəcəyik”.

Ərdoğan qeyd edib ki, Ankara bu alçaq hərəkətə ən güclü şəkildə reaksiya verəcək.

Türkiyənin xarici işlər naziri Hakan Fidan da İsveçdə keçirilən aksiyada Quranın yandırılmasını pisləyən bəyanat verib.

O özünün Twitter səhifəsində yazıb: “Mən Qurban bayramının ilk günündə İsveçdə müqəddəs kitabımıza, müqəddəs Qurana qarşı edilmiş bu alçaq hərəkəti pisləyirəm. Söz azadlığı bəhanəsi altında belə anti-İslam hərəkətləri yolverilməzdir”.

Yeri gəlmişkən bildirək ki, az qala bütün dünyanın, o cümlədən də bir sıra xristian ölkələrinin İsveçdə Qurani-Kərimin yandırılmasını lənətlədiyi bir vaxtda rəsmi Bakı bu həssas məsələdə susqunluq nümayiş etdirir.

 

Teqlər