Sen 05, 2023 16:44 Asia/Baku
  • Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidəki görüşüb.

Putin mətbuata verdiyi açıqlamada münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini və ötən ildən bəri əhəmiyyətli irəliləyişlərin əldə olunduğunu bildirib.

Putin Rusiyanın taxıl sazişi ilə bağlı danışıqlara açıq olduğunu vurğulayıb.

 "Mən bilirəm ki, siz taxıl müqaviləsi ilə bağlı sualları qaldırmağı planlaşdırırsınız. Bu mövzuda danışıqlara açığıq. Görüş zamanı Ukrayna böhranı ilə bağlı məsələlər də müzakirə olunacaq", - deyə Rusiya lideri bildirib.

Putin qeyd edib ki, Rusiya böhranlar, o cümlədən meşə yanğınları və ya zəlzələlərin nəticələri ilə mübarizə zamanı Türkiyəyə kömək etməyə çalışan ilk ölkələr sırasında olub.

Rusiya prezidenti Moskva və Ankaranın Türkiyədə təbii qaz nəqli mərkəzinin yaradılması ilə bağlı danışıqları tezliklə başa çatdıracağına ümid etdiyini bildirib.

“Biz irəliləyiş əldə etmişik və ümid edirəm ki, danışıqları tezliklə başa çatdıracağıq, bununla da regionumuzda enerji vəziyyətini daha sabit və balanslı edəcəyik”.

Enerji sahəsində əməkdaşlığa gəlincə, Putin Mersində tikintisi davam edən Akkuyu Atom Elektrik Stansiyası layihəsinin qrafikə uyğun olaraq, davam etdiyini və ilk enerji blokunun 2024-cü ildə istifadəyə veriləcəyini bildirib.

Rusiya prezidenti deyib: "Akkuyu AES-in tikintisi davam edir. Rusiyanın nüvə yanacağının ilk partiyası Akkuyuya çatdırıldıqdan sonra Türkiyə sözün əsl mənasında nüvə klubunun üzvü oldu. Hər şey qrafikə uyğun gedir, biz gələn il ilk enerji blokunu istismara verəcəyik".

Putin iki ölkənin enerji sahəsində inamla irəlilədiyinə diqqət çəkib. O, hər iki tərəfdən əsas təchizatçılar və istehlakçılar arasında razılıq əldə edildiyini və bunun nəticəsini tezliklə görəcəklərini qeyd edib.

Putin Rusiya və Türkiyənin Suriyadakı vəziyyətin həlli üçün çox işlər gördüyünü xatırladıb və Astana formatının gücləndirilməsinin lazım olduğunu söyləyib

O, deyib: "Əlbəttə, biz sizinlə birlikdə Suriyadakı vəziyyət üçün çox işlər görmüşük, bunun Türkiyə üçün nə qədər həssas bir məsələ olduğunu bilirəm. Ən əsası da, Astana formatı çərçivəsində nələr edildiyini, məncə, bu platformanı da gücləndirməliyik”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə bildirib ki, Türkiyə və Rusiya ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaq yolundadır.

 “Biz Türkiyə ilə Rusiya arasında münasibətlərdə tamamilə fərqli bir dövr yaşayırıq, xarici ticarətimizin hazırda 62 milyard dollar olmasından çox məmnunuq və 100 milyard dollarlıq hədəfimizə doğru irəliləyirik”, - deyə Türkiyə lideri bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə ilə Rusiya arasında Qara dəniz taxıl təşəbbüsü ilə bağlı aparılan danışıqlar bütün dünya, o cümlədən Afrika ölkələri üçün vacibdir.

 

Teqlər