Avstriya türk rəsminin Vyanaya girişinin qarşısını alıb
Avstriya hökuməti Türkiyə iqtisadiyyat nazirinin bu ölkədə uğursuz çevrilişin birinci ildönümü ilə bağlı təşkil olunacaq tədbirdə iştirak etmək üçün Vyanaya səfər etməsinin qarşsını alıb.
Röyters İnformasiya Agentliyinin məlumatına görə, Avstriya xarici işlər naziri Sebastian Kurz Türkiyə iqtisadiyyat naziri Nihat Zeybəkçinin Avstriyaya gəlişini qadağan etdiyini bildirib.
Avstriya Xarici İşlər Nazirliyi tədbirin böyük səviyyədə keçiriləcəyinə toxunaraq Türkiyə rəsmisinin səfərini Avstriyanın təhlükəsizliyi və asayişinin təhdid olunması adlandırıb.
Ötən cümə günü də Hollandiya Türkiyə baş nazirinin müavini Toğrul Türkeşin analoji tədbirdə iştirak üçün Hollandiyaya səfərinə qarşı çıxıb və Türkiyə XİN sözçüsü Hollandiya hökumətinin bu qərarını yanlış adlandırıb.
2016-cı il 15 iyul uğursuz çevrilişi ardınca, Türkiyə hökuməti indiyə qədər 130 mindən çox şəxsi işdən kənarlaşdırıb və minlərlə nəfəri həbs edib.
Avropa ölkələri Türkiyə hökumətini uğursuz çevrilişdən siyasi müxalifəti aradan qaldırmaq üçün sui-istifadə etməkdə suçlayıblar.