Türkiyə Qətərə dəstəyini vurğulayıb
-
Türkiyə Qətərə dəstəyini vurğulayıb
Türkiyənin xarici işlər naziri deyib: Rəsmi Ankara regionun ərəb dövlətlərinin Qətərə qarşı blokadalarına qoşulmur və rəsmi Dohaya dəstək verir.
İRİB-in verdiyi məlumata görə, Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu dünən Ankarada Qətərin XİN rəhbəri Məhəmməd Bin Əbdürrəhman Ali-Sani ilə müştərək mətbuat konfransında deyib: Türkiyə region ölkələrinin Qətərə qarşı blokadalarına dəstək vermir və qətərlilərin ərzaq malları və digər ehtiyaclarının təmini üçün bu ölkə ilə əməkdaşlıqlarını davam etdirəcək.
Çavuşoğlu Küveytin Səudiyyə Ərəbistanı və bəzi ərəb dövlətləri ilə Qətər arasındakı böhranın həlli istiqamətindəki vasitəçilik fəaliyyətlərinə dəstək verdiyini bildirərək deyib: Bu böhran siyasi və səmimi danışıqlar yolu ilə həll oluna bilər.
Türkiyənin xarici işlər naziri Türkiyənin Qətərdəki hərbi bazasının fəaliyyətinin dayandırılmasına dair tələbləri də rədd edib.
Bu mətbuat konfransında Qətərin xarici işlər naziri də Dohaya dəstək olan ölkələrə öz təşəkkürünü bildirərək deyib: Qətərin mühasirəsindən 40 gün ötür, amma mühasirə tətbiq edən ölkələr Qətərin terrorizmə dəstəyini göstərən heç bir fakt təqdim etməyiblər.
Məhəmməd Bin Əbdürrəhman Ali-Sani deyib: Rəsmi Doha qarşılıqlı hörmətə, ölkələrin suverinlyi prinsipinə və beynəlxalq qanuna söykənən danışıqların tərəfdarı olaraq qalır.
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Qətəri terrorizm və radikallığa dəstəkdə ittiham edərək bu ölkə ilə diplomatik əlaqələrini kəsiblər.
Bu dörd ərəb ölkəsi Qətər ilə əlaqələrin yenidən bərpa olunması üçün 13 şərt qoyublar ki, Türkiyənin Qətərdəki hərbi bazasının yığışdırılması, Tehranla əlaqələrin kəsilməsi, Livan Hizbullahı və Fələstin İslami Müqavimət Hərəkatına dəstək verilməməsi bu şərtlərə daxildir.