Ankara: Fransa-Cənubi Kipr razılaşması qəbuledilməzdir
Ankara: Fransa-Cənubi Kipr razılaşması qəbuledilməzdir
Türkiyə xarici işlər nazirliyi Fransa ilə Kiprin yunansakinli bölməsi arasındakı müdafiə həmkarlıqları müqaviləsini qəbuledilməz adlandırıb.
Səhər Azəri bildirir ki, Türkiyə xarici işlər nazirliyinin sözçüsü Hami Aksoy Fransa-Cənubi Kipr birgə hərbi təlimlərinin keçirilməsi və Fransanın hərbi təyyarələrinin Cənubi Kiprdə yerləşdirilməsini 1960-cı il müqaviləsinə zidd adlandırıb.
Hami Aksoy deyib: Kiprin cənubundakı yunansakinli bölmənin hökuməti bütün Kiprin nümayəndəsi deyil və belə bir müqaviləni imzalamaq üçün lazımi ixtiyarlara malik deyildir.
Türkiyə xarici işlər nazirliyinin sözçüsü bəyan edib ki, Fransanın regiondakı hərəkətləri gərginliyin artmasına səbəb olacaq. O, Parisi BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi daha çox məsuliyyət hissi ilə hərəkət etməyə çağırıb.
Türkiyə Kiprin hakimiyyətini tanımır və yalnız onun türksakinli hissəsini qəbul edir. Bu üzdən, həmin bölgələrdə neft və qaz kəşfiyyat əməliyyatlarına başlamaqda özünü haqlı hesab edir.
Aralıq dənizində yerləşən Kipr adası 1974-cü ildə Yunanıstanla Türkiyə arasındakı ixtilafın ardınca və iki ölkə arasındakı toqquşmalardan sonra türksakinli şimal və yunansakinli cənub hissələrinə bölündü.