Türkiyə parlamenti Fransa Senatının Qarabağla bağlı qərarına münasibət bildirib
Türkiyənin Böyük Millət Məclisi bir bəyanat yayaraq, Fransa Senatının "dağlıq qarabağ respublikası"nın tanınmasına dair qətnamə layihəsini pisləyib.
SəhərAzəri xəbər verir, Mustafa Şentop bu layihə haqında deyib: "Heç bir ölkə hətta Ermənistanın özü belə Dağlıq Qarabağı bir ölkə kimi tanımadığı bir halda, bunu tanıyan parlament yalnız Fransanın əfsanələrində mövcud ola bilər".
Türkiyə parlamentinin sədri qeyd edib ki, hazırda Fransa hökumətinin, bəzi hallarda dünya həqiqətlərindən uzaq mövqeləri səbəbindən beynəlxalq arenada təsirsizliyi artıbdır və Fransa parlamenti ciddi bir müxatib olaraq, keyfiyyətini itiribdir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da cümə günü Fransa Senatının "dağlıq qarabağ respublikası"nı tanımaq barədə qətnaməsini şərh edərkən, deyib: "Makron Fransa üçün bir bəladır".
Fransa senatı noyabrın üçündə bir qətnamə layihəsi qəbul edib. Bu layihədə Dağlıq Qarabağın müstəqilliyinin tanınması və Ermənistan, Rusiya və Azərbaycan Respublikası arasındakı son razılaşmanın təsdiqləmədiyi vurğulanıb.